27 İyun 17:20

Ədəbiyyat Gecəsi / ‘Ado’ Teatrı / ‘5.59’ Qrupunun konserti

Gəlin sərin yay melanxoliyasını gözəl ədəbiyyat gecəsi ilə birlikdə keçirək. Düşündürən yay axşamlarında insanın könlü xoş söhbətlərə və ədəbiyyat eksperimentlərinə elə meylli olur ki!

YARAT Müasir İncəsənət Məkanı Sizi 29 İyun 2016 il tarixində keçiriləcək Ədəbiyyat Gecəsində iştirak etməyə dəvət edir.

Gecənin proqramı:

• 20:00 – “Ağ-Qara” tamaşası, gənc ADO teatrı (çoxtəyinatlı zal)
• 21:00 – Yazıçı və şair Murad Qafarov və Emil Ali ilə görüş (birinci mərtəbə)
• 22:30 – “5.59” qrupunun konserti (çoxtəyinatlı zal)

YARAT Mərkəzində bir neçə gün əvvəl “Müqavimət haqqında 300 Söz” sərgisinin açılışı oldu. Cəmiyyət tərəfindən bir fərdin şəxsiyyətinin inkar edilməsi və məhdudlaşdırılmasına olan təsiri bir çoxumuzun həyatında üzləşdiyi mövzudur. “Əksəriyyət” individuallığın başlıca sitəmkarıdır. Cəmiyyət, bütövlükdə, fərdin azadlığını əksəriyyət tərəfindən kor-koranə şəkildə qəbul edilmiş fikirlərə uyğunlaşdırmağa çalışır.

Biz həyatdan zövq alaraq yaşamaq üçün hüquqlarımız uğrunda Cəmiyyət kimi bir nəhənglə mübarizə aparmalıyıqmı? Bu mümkündürmü? Biz Cəmiyyətin şəxsiyyətimizi öz təzyiqləri ilə formalaşdırmasına imkan verməliyikmi?
Gəlin filosof və yazıçı Con Stüart Mill və Riçard Baxın əsərlərinə nəzər yetirək. Çünki onlar da öz zəmanə cəmiyyətinin problemlərinə toxunublar. O vaxtdan bəri çox şeymi dəyişib? Dövlətdən fərqli olaraq, cəmiyyətin qanunları nadir hallarda dəyişir.

Fəaliyyətinə yeni başlamış yazar Murad Qafarov, Gənc ədəbiyyatçı Emil Ali, “5.59” rok qrupu və öz “Ağ-Qara” tamaşası ilə ADO teatrı bu gecəmizin qonaqları olacaqlar.

Yazıçı və şair Murad Qafarov Bakı şəhərində anadan olub. Ancaq gənclik həyatının çox hissəsini Rusiya və Amerikada keçirib. Murad Hyuston Universitetində ədəbiyyat və siyasi elmlər üzrə təhsil alır.

Gənc ədəbiyyatçı Emil Ali Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası məzunudur. Bir neçə ədəbiyyat klublarında idarəetmə heyətinin üzvüdür. Dünya və Azərbaycan ədəbiyyatından seçdiyi özəl şeir və qısa hekayələri dinləmək, müzakirələrində iştirak edə biləcəksiniz.

“5.59” qrupu 2011 ilin oktyabr ayında gənc bəstəkar və vokalist Elçin Elşad tərəfindən təsis edilmişdir. Kollektivin adı “səhərə bir an qalmış“, yeni günün başlanğıcı ilə assosiasiya olunur. Sonradan qrupa Camal Cəbrayıl (gitara), Seymur Əliyev (zərb alətləri) və Tural Tahir (bas-gitara və bek vokal) üzv oldular. Qrupun bütün üzvləri klassik musiqi təhsilli olub başqa qruplarda ifa edirdilər. Amma məhz rok musiqisi onlarda azadlıq hissi aşılayıb, toplanmış yaradıcılıq enerjisini azad etməyə təşviq etmişdir. Onları Azərbaycan musiqisi üçün inqilabi və unikal musiqi yaratmaq fikri birləşdirir.

Azərbaycanda ilk anderqraund “ADO teatrı” 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılmışdır. Teatrda əsasən gənc dramaturqların özündə kəskin sosial problemləri əks etdirən tamaşaları səhnələşdirilir. “ADO”nun Bakıdakı başqa teatrlardan əsas fərqi rejissorun bilərəkdən aktyor oyununa müdaxilə etməməsi, həmçinin aktyor və tamaşaçı arasında səddin olmamasındadır. Tamaşaçılar çox hallarda səhnədə otururlar və aktyorun improvizasiyasından asılı olaraq tamaşada iştiraka cəlb olunurlar.

29 iyun, 2016
20:00-da
YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir

Bəyən və paylaş