12 Mart 17:46

“Əsrlərdən gələn sənətimiz” adlı əl işləri sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və PAŞA Bank ASC dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində 16 Mart 2016-cı il tarixində sənətkarların əl işləri sərgisinin təşkili planlaşdırılmışdır. Sərgidə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən sənətkarların hazırladıqları əl işlərinin nümayişi və satışı həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi itirilməkdə olan bədii sənətlərin dirçəldilməsi, gənclərin sənətkarlığa marağının artırılması, milli dəyərlərin saxlanması və qorunması, regionlarda bədii sənət növləri üzrə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Eyni zamanda sənətkarlıq sahələri üzrə kiçik və orta sahibkarlığın inkişafına nail olmaqla ictimaiyyətin diqqətini yerli məhsullara cəlb etməkdir.

Sərgidə Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələ regionlarında metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, xalçaçılıq, zərgərlik, dulusçuluq, çəkməçilik və papaqçılıq sahələrində fəaliyyət göstərən 20-ə yaxın sənətkarın 400-dən çox əl işləri nümayiş olunacaqdır.

Tədbirin açılış mərasiminin 16 mart 2016-cı il tarixində, saat 12:00- da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi  nəzərdə tutulur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)