Fərid Səfərov: "Ölkə olaraq daha çox karbohidratla zəngin qidalar qəbul edirik"

Fərid bəy, karyera yolunuza baxsaq özünü tamamilə qidaya həsr etmiş və bu sahədə ixtisaslaşmış mütəxəssis görürük. Bu sahəyə maraq sizdə necə yarandı? 

 

Uşaqlıqdan qidaya böyük bir həvəsim var idi və bu mənim çəkimdə də özünü biruzə verirdi. Qərar verdim ki, mütləq qida sahəsində olmalıyam və çox şükür ki, bu sahədəyəm.

 

Bəs “food blogger” olaraq fəaliyyətə keçid hansı səbəblərdən yarandı? Bu arada, bu qərarı yaxşı ki vermisiniz, çox faydalanırıq.

 

Adətən sosial şəbəkələrdə özümün sınaqdan keçirtdiyim təcrübələrimi paylaşıram, izləyicilərin də bu sahəyə olan marağını nəzərə alıb sağlam həyat tərzini insanlara ötürmək üçün food influenser kimi fəaliyyət göstərməyə başladım.

 

İnsanları sağlam qida istifadəsinə təşviq etməkdə kimin daha çox rolu olmalıdır – dövlətin, QHT-lərin ya bu insanların öz üzərinə düşür?

 

Sağlam qidalanmaq və sağlam həyat vərdişləri hər kəsin öz şəxsi seçimidir, amma əlbəttə ki, dövlətin və müəyyən dövlət qurumlarının bu mövzularda təşviqi olmalıdır. Məs. artıq bir neçə aydır, AQTA - nın "Şəkəri azalt, ömrünü uzat" lahiyəsi buna bir nümunədir və çox müsbət bir addımdır.

 

Qidanın sağlam olmadığını bildikləri halda, bu qədər insan sizcə niyə sağlam qidalanmır? 

 

Səbəblər çoxdur, nəzərə alsaq ki, qidalanma psixi emosional bir məsələdir, əksəriyyət sadəcə fiziki ac olmadan emosiyalar əsasında qidalanır.

 

İnsanları sağlam qidaya hansı yaradıcı yollarla yönləndirmək olar? Məlumat xarakterli paylaşımlarınız çox yararlıdır, bəs başqa effektiv yollar varmı sizcə?

 

 Sağlam qidalanma bir vərdişdir və sadəcə bu vərdişi formalaşdırmaq lazımdır. Bu vərdişləri formalaşdırmağa təkcə fərdlər üzərində yox, kütləvi şəkildə, məsələn, elə bağçalardan başlamalıyıq.

 

Ölkəmizdə insanların səhər yeməyini, nahar və şam yeməklərini necə təsvir edərdiniz? Ümumi götürsək, ölkə olaraq necə qidalanırıq? 

 

Ölkə olaraq daha çox karbohidratla zəngin qidalar qəbul edirik, ən azı mən bunu rahatlıqla müşahidə edirəm. Səhər yeməyimizi 7 qaşıq şəkər tozu əlavə olunmuş şirinçayla başlayıb, gün sonunu da plovla bağlayırıqsa demək ki, vəziyyət ürəkaçan deyil. Sağlam olmaq üçün daha keyfiyyətli seçimlər etməliyik.

 

Ürək xəstəliklərinə görə ölkəmiz ön sıralardadır. Bunu nəyə bağlayardınız? 

 

Doğrudur, belə bir statistika var, ürək xəstəliklərinin başlıca səbəblərindən biri qeyri-sağlam qidalanma, (keyfiyyətsiz yağlar və boş kalorili qidalar) siqaret, hərəkətsizlik və stressdir.

 

“Filankəs araq içir, siqaret çəkirdi və çoxlu xəmir yeməkləri yeyirdi. Amma 80 yaşına kimi yaşadı” -deyən insanlara nə deməli? 

 

Son vaxtlar belə faktlara çox az rast gəlinir, burada əsas məsələ sənə verilən ömrü sağlam şəkildə yaşamaqdadır.

 

Edumap.az saytından çox sayda gənclər, tələbələr faydalanır. Onların qida vərdişlərinin düzgün formalaşdırılması üçün hansı tövsiyələri verərdiniz? 

 

İlk növbədə sağlam qida vərdişlərini yaratmaq üçün qida rasionundan şəkərli və qazlı içkilər, fast food, paketlənmiş qidalar, konservləşdirilmiş qidalar, bir sözlə "junk food" dediyimiz bütün qidalar çıxarılmalıdır və əvəzinə qida rasionunu sağlam yağlar, keyfiyyətli zülal və kompleks karbohidratlarla zənginləşdirmək lazımdır. Bunlarla paralel yuxu rejimi, gündəlik su qəbulu və fiziki aktivlik də önəmlidir.

 

Oxuyucularımıza çatdırmaq istədiyiniz başqa hansı mesajlarınız var?

 

Sağlam qida sağlam gələcəkdir, gələcəyimizin sağlam olması naminə günü bu gündən sağlam həyat vərdişlərinə başlamalıyıq. Hər birimizin sağlamlığı öz əlimizdədir. Çalışaq ki, çox gec olmadan sağlamlığımızın qeydinə qalaq 

Diqqətiniz üçün sizə təşəkkür edirəm!

 

Hazırladı: Edumap.az Təhsil Portalı

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az