Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslara tələbə qəbulu elan edilir. Onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub. Maraqlanan şəxslər www.tehsilim.edu.az platformasına daxil olaraq kurslardan qeydiyyatdan keçə, öz bilik və bacarıqlarını artıra bilərlər. Hər bir kursu bitirmək üçün potensial tələbələrə 2 ay vaxt verilməsi nəzərdə tutulub. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sonda sertifikat təqdim olunacaq.
Onlayn kurslara qeydiyyat üçün son tarix 21 oktyabr 2022-ci ildir. Maraqlanan şəxslər tehsilim.edu.az onlayn platformasına daxil olaraq qeydiyyat bölməsindən sözügedən kurslara qeydiyyatdan keçə bilərlər. 24 oktyabr 2022-ci il tarixindən etibarən onlayn kurslar start götürəcək.
Aşağıda hər bir onlayn kurs haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
1. Tədqiqatın metodologiyası, təcrübələr və layihələr
Bu kurs, təcrübə keçmək istəyən tədqiqatçılara tədqiqat haqqında biliklər əldə etmək və ya inkişaf etdirmək və tədqiqat prosesinin hər bir mərhələsində bacarıqlarını artırmaq üçün fürsət verir. Tələbələr tədqiqat probleminin seçilməsi və tədqiqat sualının formalaşdırılması, müvafiq tədqiqat strategiyasının, verilənlərin toplanması və təhlili üsullarının seçilməsində nəzəri və praktik biliklər əldə edirlər. Bundan əlavə, kurs elmin müxtəlif fəlsəfi yanaşmaları, tədqiqatın qiymətləndirilməsində istifadə olunan keyfiyyət meyarları və hər tədqiqatçının nəzərə almalı olduğu etik məsələlər haqqında biliklər verir.
2. Verilənlərin toplanması, təhlili və idarə edilməsi
Bu kurs, tədqiqat prosesində ikinci dərəcəli və ilkin verilənlərlə işləmək üçün əsas nəzəri və praktik bilikləri təmin edir. Tələbələr, elmi ədəbiyyat axtarışı və ilkin və ikinci dərəcəli verilənlərin toplanması üsulları haqqında biliklər əldə edirlər. Kəmiyyət verilənlərinin təhlili üçün verilənlərin emalından və statistikadan necə istifadə ediləcəyi, həmçinin keyfiyyət verilənlərinin necə işlənməsi barədə bəzi əsas məlumatlar verilir. Nəticələrin kəmiyyət və keyfiyyət tədqiqatlarında vizuallaşdırılması, məlumat etikası da daxil edilib.
3. Elmi işlərin yazılması və nəşri
Bu kurs, tədqiqat ünsiyyəti üçün müxtəlif kanallar haqqında bilikləri genişləndirir və müvafiq etik problemləri nəzərə alaraq aydın və qısa elmi mətnlər yazmaq bacarıqlarını inkişaf etdirir. Əlavə olaraq müxtəlif növ elmi yazıların quruluşu və formatlaşdırılması, tədqiqatın və əlyazmanın təqdim edilməsi, məqalənin korrektə edilməsi və dərc olunması, habelə şifahi təqdimat prosesindən necə keçmək barədə məlumatlar verilir.
4. Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma
Bu kurs, texnologiya transferi prosesini başa düşməyə kömək edəcək, əqli mülkiyyət hüquqlarının necə yaradıldığının və necə istifadə olunmasının əsas prinsiplərini bilməyə, əqli mülkiyyət tipini düzgün seçmək və əqli mülkiyyəti qorumaq üçün effektiv bir strategiyaya başlamağa və ya davam etdirməyə kömək edəcək. Bu kursu bitirdikdən sonra biliklərin, ixtiraların və texnologiyaların (məsələn, sənaye tərəfdaşı və ya yeni yaradılan şirkətlə lisenziya müqaviləsi- spin-off) ticarəti üçün bir model seçə bilərsiniz. Ümid edirik ki, kurs alimlər, istehsalçılar, inzibatçılar və hüquqşünaslarla təşkilat daxilində və xaricində, bazarda yenilik gətirmək üçün çətinlik çəkdiyiniz zaman ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyətinizi kifayət qədər artıracaq.
5. Sahibkarlıq təhsili və startaplar
Kurs zamanı təhsilalanlar sahibkar olmaq niyyətlərini sınamağa dəvət olunur, mütəxəssislərin və uğurlu startapçıların məsləhətlərini dinləyir, uğurlu bir innovator və sahibkar olmaq üçün bacarıqlara yiyələnirlər. Tələbələr, bazar ehtiyaclarından tutmuş faydalı və innovativ həllər üçün dəyər təkliflərini inkişaf etdirməyə qədər innovasiya prosesini təhlil edir, həm də nəzərdən keçirilməsi üçün təklif hazırlayırlar. Onlar həmçinin, potensial müştərilər və tərəfdaşlarla qarşılıqlı əlaqə əsasında biznes modeli hazırlayırlar. Kurs çərçivəsində təhsilalanlar əməliyyat və miqyasın artırılması üçün mümkün maliyyə strategiyaları haqqında məlumat əldə edə bilərlər. Yekunda startaplar üçün ekosistemin necə işlədiyini və startapların böyüməsi üçün hansı dəstəyin mövcud olduğunu öyrənirlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur