reklam

Peşə-ixtisas seçimi

“İş zövqlü olanda əyləncəli,  sadəcə vəzifə olanda isə yorucudur.” 

Maksim Qorki

 

Müasir dövrdə ən dəyərli kapital insan kapitalıdır. Bu baxımdan insana qoyulan investisiya çox önəmlidir. Uzunmüddətli hədəflər fonunda təhsilin verdiyi reputasiyanın insana qoyulan ən dəyərli sərmayə olduğu inkarolunmaz faktdır. Sokratın “təhsilin bahalı olduğunu düşünənlər bir də cəhalətin nəticəsini hesablasınlar” fikrindən yola çıxaraq hələ eramızdan əvvəl deyilmiş bu sözlərin çağımızda nə qədər həqiqət payı olduğunu bir də Siz düşünün...

Qarşıdan 2024/2025-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, ardınca isə peşə-ixtisas seçimi prosesi gəlir. Bu prosesdə istər 9 illik, istərsə də 11 illik bazada hər hansı bir təhsil müəssisəsinə qəbul olmaq nə qədər önəmlidirsə, düzgün peşə-ixtisas seçimi etmək də o qədər vacibdir. Peşə-ixtisas seçimi insan həyatında ən mühüm əhəmiyyət kəsb edən, onun gələcək karyerasının formalaşmasında önəmli rol oynayan amildir. Bu baxımdan peşə-ixtisas seçimi ərəfəsində yeniyetmələrin hansı nüanslara diqqət etmələri lazım olduğuna təkrar-təkrar baxmaqda fayda var. Ötən il olduğu kimi bu il də gənclərin peşə-ixtisas seçimində diqqət etməli olduqları məqamlar barədə öz fikir və düşüncələrimi bölüşməyə çalışacam. 

İnsanın həyatında təhsil prosesi önəmli olduğu qədər, peşə-ixtisas seçimi, gələcək karyerasının düzgün formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Elmi ədəbiyyatlarda peşə ilə ixtisas arasında fərqlər olduğu qeyd edilir. Belə ki, peşə daha geniş məfhum kimi xarakterizə olunduğu halda, ixtisas isə peşənin nisbətən dar, konkret bir sahəsi üzrə olan məşğuliyyət növü kimi qeyd olunur. Karyera isə insan oxumağı-yazmağı bacardığı andan başlayan, müasir dövrümüzdə onun həyatı boyunca davam və inkişaf edən bir proses kimi ifadə olunur. 

Peşə-ixtisas seçimi barədə düşünərkən nələrə diqqət etməli olduğumuzu əsalandırmağa çalışsaq görərik ki, bəzən gənclər öz qabiliyyətlərini doğru müəyyən edə bilmirlər. Peşəsində öz sözünü demiş, cəmiyyətə töhfə verən insanların demək olar ki, hamısı öz bacarıqlarını ortaya qoyan insanlardır. Onlar öz güclərini peşələrində tətbiq edirlər. Gənclər öz bacarıqlarına uyğun olaraq peşə-ixtisas seçimi etməlidirlər.

Düzgün qərar qəbuletmə qabiliyyəti insanın ən üstün özəlliklərindən hesab olunur. Bu baxımdan peşə-ixtisas seçimi edərkən veriləcək qərarı əslində insanın həyatına təsir edəcək bir qərar hesab etmək olar.  Gələcək həyatınız, işiniz barədə qərar verərkən nə istədiyinizi doğru müəyyən etməyiniz lazımdır. Peşəsini yaxşı bilən, cəmiyyətə töhfə verən insanlar işlərini sevirlər. Bunları edərkən işlərindən zövq alırlar. Əslində məktəb həyatı boyunca nə istədiyinizi müəyyən etməyiniz lazımdır. Buna uyğun olaraq seçim etməlisiniz. Seçdiyiniz peşəni o işin sahiblərindən öyrənərək seçsəniz, seçiminizdə daha rahat olarsınız. Həmçinin xarakterinizə, bacarıqlarınıza uyğun seçim etməsəniz gələcəkdə işinizdən zövq almaya bilərsiniz.

Peşə seçərkən həmin peşənin sosial töhfəsini nəzərə alanlar öz peşələrindən daha çox zövq alır, inkişaf edirlər. Xoşbəxt və mənalı bir həyat üçün cəmiyyətə fayda vermək şərtdir. Seçim edərkən peşələrə sosial faydalılıq baxımından da baxılmalı və buna uyğun qərar verməlisiniz.

Ümumilikdə araşdırmalar göstərir ki, yaxın gələcəkdə 69 milyon iş yeri yaradılması nəzərdə tutulduğu halda, 83 milyon iş yerinin ləğv edilməsi proqnozlaşdırılır və növbəti beş ildə qlobal əmək bazarının dəyişimi indiki sürəti ilə davam edərsə 14 milyon iş yerinin ixtisar olunacağı gözlənilir. (Dünya İqtisadi Forumu 2023, İş Sahələrinin Gələcəyi hesabatının analizi)

Başqa bir araşdırmaya nəzər salsaq, görərik ki, gələcəkdə bizim bilmədiyimiz kifayət qədər peşələr yaranacaq. Belə ki, alimlərin gəldiyi qənaətə görə 2017-ci ildə doğulan uşaqların 68%-nin görəcəyi iş hələ kəşf olunmayıb. 

Ümumiyyətlə peşə-ixtisas seçimində problemlərin olmadığını da demək yanlış olar. Çünki gənclərin gələcək mütəxəssis kimi uğurları onların etdikləri seçimlərindən aslıdır. Bu baxımdan hər bir gəncin seçim etməzdən əvvəl sahib olmaq istədiyi ixtisasın, peşənin mahiyyətini dərk etməsi, onu hərtərəfli təhlil edib, bütün digər cəhətləri nəzərə alması zəruridir.

Peşə seçərkən bacarıqlarınızdan istifadə edə biləcəyiniz, nə istədiyinizi və bunu etməkdən məmnun olduğunuz, eyni zamanda cəmiyyətə töhfə verə biləcəyiniz bir peşəni seçin. Yalnız bundan sonra həyatınızın geri qalanını xoşbəxt və mənalı yaşaya bilərsiniz. Bu zaman isə işindən razı qalanların sayı artacaq, həm fərdlər, həm də cəmiyyət sözün hər mənasında qazanacaq.

 

Bayramov Ruslan

Qurtuluş Hazırlıq Kursları, direktor


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az