Dövlət vergi orqanlarına işə qəbul elan edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə 

ELAN EDİR
 

Dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları

Dövlət vergi orqanlarına xidmətə qəbul “Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.03.2022-ci il tarixli 2217040100301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları”na müvafiq olaraq aparılır.  

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair tələblər

Müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər 

Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;

Ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) surəti; 

Məhkumluğun olmaması barədə arayışın surəti.

Müsabiqədə iştirakla bağlı sənəd qəbulu

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 19.09.2022-ci il saat 10:00-dan 16.10.2022-ci il saat 23:59-dək həyata keçirilir. 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az və www.e-taxes.gov.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. 

Ərizənin sistemə daxil olduğu gündən 10 iş günü müddətində namizədin müsabiqədə iştirakla bağlı qoyulan tələblərə uyğunluğunun qabaqcadan müəyyən edilməsi məqsədilə ilkin yoxlama aparılır və nəticəsi barədə namizədin elektron poçt ünvanına məlumat göndərilir.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə, o cümlədən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.  

Müsabiqənin keçirilməsi

Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə qeyd olunmuş müvafiq linkə daxil olmaqla 31.10.2022-ci il saat 23:59-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər 14.11.2022-ci il tarixdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Elektron ərizənin təsdiqi və imtahana buraxılış vərəqəsini əldə etmək üçün namizəd Dövlət İmtahan Mərkəzinin internet səhifəsində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, kabinet yaradılan zaman onun pul hesabı açılır və həmin hesaba imtahanda iştirak üçün tələb olunan 94 AZN vəsaiti ödəyir. Ödəniş məbləği Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin “BA” vəzifə qrupu üzrə keçirilən test imtahanında iştirak üçün müəyyən edilmiş məbləğə uyğunlaşdırılmışdır.

Müsabiqənin test imtahanı mərhələsi 20.11.2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir.

Test imtahanın vaxtı 3 saat müəyyən edilmişdir.  

Test imtahanının sualları hüquqşünaslıq və digər ixtisaslar üzrə 2 kateqoriyaya bölünür. İmtahanda namizədlərə eyni suallar olmaqla 4 variantda qarışdırılmış 100 sual təqdim olunacaq. Hər imtahan sualı 1 balla qiymətləndirilir və ballar hesablanarkən səhv cavablar düzgün cavablara təsir etmir.

Test imtahanında mümkün olan baldan azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. Müsahibənin keçirildiyi yer və vaxt barədə müsabiqənin test imtahanı mərhələsindən uğurla keçən namizədlərə əlavə məlumat veriləcəkdir. 

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir. 

Test imtahanında namizədlərə aşağıdakı məzmunda test tapşırıqları təqdim olunacaqdır: 

Hüquqşünaslıq ixtisasına malik olanlar üçün:

Azərbaycan Respublikasının Konstitusiyası;

Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; 

Yeni tarix və dünyagörüşü;

Rəqəmsal məlumatların təhlili;

Verbal məlumatların təhlili; 

Abstrakt və məntiqi düşünmə.

Digər ixtisaslara malik olanlar üçün:

Azərbaycan Respublikasının Konstitusiyası;

Yeni tarix və dünyagörüşü; 

Rəqəmsal məlumatların təhlili;

Verbal məlumatların təhlili;  

Abstrakt və məntiqi düşünmə. 

Aşağıdakı hallarda vətəndaşlar dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 

Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

Çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).

 

QEYD: Vakant yerlərin mütəmadi yenilənməsini nəzərə alaraq müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndiriləcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az