Nazir müavini: Təhsil tələbə kreditləri ilə bağlı yeni qərar təhsilə əlçatanlığı daha da artıracaq

Nazir müavini: Təhsil tələbə kreditləri ilə bağlı yeni qərar təhsilə əlçatanlığı daha da artıracaq

 

Elm və Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.

Dəyişikliklərlə bağlı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlama verib.

O bildirib ki, yeni qərara əsasən, bu gündən etibarən təhsil krediti verilərkən tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, onların qanuni nümayəndələrinin də mövcud qaydalarda nəzərdə tutulan sosial statusları nəzərə alınacaq. Həmçinin aşağıda qeyd edilmiş daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:

- “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;

- “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;

- “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;

- Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcəkdir.

Nazir müavini qeyd edib ki, sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq.

Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə,  34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən  452 ailədən olan 908 nəfər tələbə  Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb” – deyə o qeyd edib.

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Kənan Kərimzadə bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir:

"Sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların (59 faiz) üstünlük təşkil etdiyini görürük".

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən elektron müraciət edə bilərlər.  


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az