reklam

Təhsildə qiymətləndirmə

Təhsildə qiymətləndirmə

“Qiymətləndirmə müəllimlərin öyrətdikləri ilə şagirdlərin öyrəndikləri arasındakı bağı, əlaqəni təmin edən körpü rolunu oynayır.” 

Dilan Viliam

(London Universiteti Kollecinin təhsilin qiymətləndirilməsi üzrə fəxri professoru, yazıçı) 

Təhsil ən geniş mənası ilə insan davranışındakı dəyişikliklərin təməl səbəblərindəndir. Şübhəsiz ki, gündəlik qarşılaşdığımız bir çox hadisələr insan həyatında və fəaliyyətində müəyyən təsirlər şəklində özünü göstərir. Bu proseslərin bəziləri planlı, bəziləri isə plansız fəaliyyətlərdir. Belə ki, insanın inkişafında, fəaliyyətində, bu günkü və gələcək həyatında formal, informal həmçinin qeyri-formal təhsilin xüsusi rolu var.

Formal təhsil planlı, müəyyən müəssisə daxilində, həmçinin real və ya onlayn formada həyata keçirilə bilən prosesdir. Planlı həyata keçirilən proseslərin izlənilməsi, nəzarəti və qiymətləndirilməsi şərtdir. Çünki planlaşdırılan prosesin məqsədi olmalı, o məqsədə çatmaqda hansı addımların atılacağı və məqsədə çatmanın dərəcəsi müəyyən edilməlidir.

Təhsilin özəlliklərinə baxdıqda məqsəd, məqsədə doğru planlı fəaliyyət və nəticə kimi ardıcıllıqla qarşılaşırıq. Bəzən nəticə istənilən formada olsa da, bəzən də istənilməyən nəticələrin ortaya çıxdığının şahidi oluruq. Ümumiyyətlə, məqsədə doğru həyata keçirilən fəaliyyətin izlənilməsi, qiymətləndirilməsi çox önəmlidir. Qiymətləndirmə öyrənməni dəstəkləmək üçün inkişafın izlənilməsi fonunda həyata keçirilməlidir. Tədrisin inkişafının, atılacaq sonrakı addımların müəyyən olunması üçün qiymətləndirmənin xüsusi rolu var.

Yuxarıda qeyd etdiyimiz kimi təhsil müəyyən nəticə əldə etmək üçün müxtəlif hissələrədən ibarət olan, davamlı canlı bir prosesdir. Bu hissələrdən ən önəmlisi proqramdır. Proqram prosesin özüdür. Başqa bir özəllik isə müşahidədir. Hansı ki, tədris prosesi boyunca həyata keçirilməli olan çox ciddi özəlliklərdəndir. Təhsilin qiymətləndirilməsi prosesin əsas özəlliklərindən biridir. Qiymətləndirmə sonda olmamalı, əksinə, öyrənmə prosesində olmalıdır. Çünki sonda olan qiymətləndirmə adətən hər hansı bir sənədin verilməsi üçün olan qiymətləndirmədir. Biz, çox təəssüf ki, əksər hallarda qiymətləndirməni tədris prosesinin sonunda həyata keçirib fərdin cəmiyyətə hansı bilik səviyyəsində inteqrasiya olacağını müəyyən etməyə çalışırıq. Bu günün reallığı onu göstərir ki, qiymətləndirmə əksər hallarda yalnız akademik nailiyyətə görə həyata keçirilir.   

Təhsil prosesinin təşkilində, plan və proqramların hazırlanmasında, nəticələrin dəyərləndirilib, zəruri addımların atılmasında qiymətləndirmənin rolu çox böyükdür. Doğru təhsil siyasətinin həyata keçirilməsi üçün qiymətləndirmənin effektiv təşkili yeni üfüqlər açan mühüm amildir.

Qiymətləndirmə şagirdlərin, tələbələrin ümumiyyətlə öyrənənlərin nəyi bildiyini, anladığını və bacardığını müəyyən etmək, həmçinin tədris prosesinin effektivliyini izləmək, gələcəkdə atılacaq addımları müəyyən etmək, planlamaq, hesabat vermək və proses boyunca hər kəsin daha adaptiv iştirakını təmin etmək üçün həyata keçirilir. Bundan başqa yekun qiymətləndirmə deyə bir anlayış var ki, nailiyyətlərin rəsmi tanınması üçün həyata keçirilən bir qiymətləndirmədir. Doğru qiymətləndirmənin təşkili zamanı şagirdlərin məktəb nailiyyətləri onların gələcək həyatlarının inşası üçün çox önəmli faktora çevrilir.

Formal təhsildəki qiymətləndirmə prosesi şagirdlərlə bağlı müxtəlif qərarlar verməklə paralel, prosesdəki çatışmazlıqları və onların mənbələrini aşkara çıxarmağa xidmət edir. Bu özəlliyi sistemin ayrılmaz hissəsi hesab etmək olar və həmin sistemdəki boşluqları aradan qaldırmağa kömək edir.

Qiymətləndirmə prosesinin ən önəmli özəlliklərindən biri də qiymətləndirmə meyarının özünün nə dərəcədə mövzu və proqrama uyğun olub-olmaması, həmçinin etibarlılığı və həqiqiliyidir.

Təhsildə qiymətləndirmə davamlı və öyrənmə prosesinin tərkib hissəsi olaraq həyata keçirilməlidir. Öyrənmə prosesi bitəndən sonra olan qiymətləndirmə ilə kifayətlənmək olmaz. Qiymətləndirmə üzrə mütəxəssis Dilan Viliama görə “qiymətləndirmə daha çox rabitə və ünsiyyət şəklində həyata keçirilməlidir.” Amma çox təəssüf ki, biz bəzən qiymətləndirmənin tədris prosesindən ayrıldığının, daha çox imtahan şəklində özünü göstərdiyinin şahidi oluruq.

Qiymətləndirmə öyrənmə üçün zəruridir. Mövzu əsasında olan müzakirələri, müxtəlif oyunları da qiymətləndirmə hesab etmək olar. Lakin nəzərə almaq lazımdır ki, qiymətləndirmə prosesin əsas üzvü olan müəllim tərəfindən davamlı nəzarət olunmalı bir vasitədir.

Qiymətləndirmənin müxtəlif səbəbləri ola bilər. Belə ki, onu müəllimin dərsini səmərəli planlaşdırmasını, həmçinin dərsin əvvəlində qarşıya qoyulan məqsədlərə çatıb-çatmamasını müəyyən etmək üçün yol xəritəsi hesab etmək olar.

Türkiyəli araşdırmaçı-yazar, professor Yaşar Baykul öz araşdırmalarının birində qeyd edir ki, “təhsil sistemlərində maddi-texniki baza, təhsil alacaq şəxslərin sayı, təhsil haqqında qanunlar, qaydalar, nizamnamə və sərəncamlar və s. bu kimi nüanslar idarə oluna bilən, tələbələrin, şagirdlərin, müəllimlərin, rəhbər işçilərin xüsusiyyətləri və cəmiyyətin psixologiyası isə idarə oluna bilinməyən özəlliklər hesab olunur...”

O həmçinin vurğulayır ki, “idarə oluna bilən özəlliklər daha az mənfi təsirlərə malikdir. Sistemdə bu cür özəlliklərin yaratdığı problemlərin aradan qaldırılması daha asandır. Misal olaraq bir nümunə göstərəsi olsaq, qəbul etdiyimiz hər hansı bir qərarın təhsil prosesinə mənfi təsirini gördükdə onu dəyişmək daha asandır. Amma nəzarət oluna bilinməyən özəlliklərin yaratdığı problemləri aradan qaldırmaq isə çox çətindir...”

Yuxarıda qeyd olunanlardan yola çıxaraq deyə bilərik ki, təhsil sistemlərinin digər sistemlərə nisbətən əsasında idarəolunmayan cəhətlər durur. Həmçinin təhsil sistemlərinin dizaynı da baş verən sosial-iqtisadi proseslərin fonunda hər zaman dəyişə bilər. İdarəolunmayan və dəyişən təhsil sistemləri üçün qiymətləndirmə çox həssas olduğu qədər də vacibdir. Bu baxımdan qiymətləndirmə nəticələrinə mütləq həqiqət kimi baxılmamalıdır.

Ümumiyyətlə, qiymətləndirmə predmetini doğru seçmək lazımdır. Çünki adətən prosesin sonunda həyata keçirilən qiymətləndirmə nəticə hesab olunur. Nəticəyə də qazanılan bacarıq və davranışlar, onların təhsil prosesinin əvvəlində nəzərdə tutulanlara uyğun gəlib-gəlmədiyi və s. daxildir. Təhsil sistemlərindəki çatışmazlıqlar (uğursuzluqlar) sistemin öz elementlərindən qaynaqlana bilər. Ona görə də ilk öncə bu uğursuzluqların mənbəyini sistemdə axtarsaq əldə etdiyimiz nəticə sonda nəyi qiymətləndirməli olduğumuza işıq salar.

PİSA-nın yaradıcısı Andreas Şleyxer “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabında qeyd edir ki, “əslində imtahan nəticəsi təhsil sistemlərinin müəyyən zaman anında çəkilmiş fotosudur. Bu şəkildə həmin sistemlərin olduqları nöqtəyə necə gəldiklərini, həmçinin onlara hansı bürokratik əngəllərin olub-olmadığını görmək olmur.”

Bayramov Ruslan 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az