BMU-İNHA ikili diplom proqramına 2023/2024-cü tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlandı

BMU-İNHA ikili diplom proqramına 2023/2024-cü tədris ili üçün sənəd qəbulunun tarixləri açıqlandı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti (İNHA Universiteti) arasında icra olunan beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) sənəd qəbulu və imtahan tarixləri açıqlanıb.

Belə ki, 2023/2024-cü tədris ili üçün BMU və İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına onlayn qeydiyyat 5 iyun – 9 avqust 2023-cü il tarixlərində həyata keçiriləcək.

İngilis və Koreya dilində 4 il müddətində həyata keçiriləcək ikili diplom proqramı “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” “Elektronika mühəndisliyi” ixtisaslarını əhatə edir. Proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədris olunması nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

2023/2024-cü tədris ilində ikili diplom proqramına “İnformasiya texnologiyaları” ixtisası üzrə 35 nəfər, “Elektronika mühəndisliyi” ixtisası üzrə 35 nəfər, “Elektrik mühəndisliyi” ixtisası üzrə 28 nəfər, “İnşaat mühəndisliyi” ixtisası üzrə 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçiriləcək daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2023-cü ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri (BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər) iştirak edə bilər. Bununla yanaşı, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri 5 iyun 2023-cü il tarixindən aktiv olacaq “onlayn anket forması”na yükləməlidir. Sənədlərin son qəbul tarixi 09.08.2023-cü il saat 23:55-dir

BMU-İNHA İDP çərçivəsində 12 avqust 2023-cü il tarixində həyata keçiriləcək daxili imtahanın nəticələri 17 avqust 2023-cü il tarixində elan ediləcək.

Ətraflı məlumat elandan əldə oluna bilər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az