Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə "STEAM Müəllimi ol" layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə "STEAM Müəllimi ol" layihəsi həyata keçirilib.

 

16-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Mars Academy və Bakı Dövlət Universitetinin tələbə-elmi cəmiyyətinin tərəfdaşlığı ilə “STEAM Müəllimi ol" adlı layihə həyata keçirilib.

"STEAM Müəllimi ol" layihəsi Gənclər Fondunun "İdeyanı Reallaşdır 2023" Qrant müsabiqəsi çərçivəsində qalib olmuş, Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Ağababa Babayevin rəhbərliyi ilə “Mars Academy”nin Luxen plazada yerləşən filialında həyata keçirilmişdir. 9 günü əhatə edən layihədə 20 gənc-tələbə və bir sıra STEAM mütəxəssisləri ekspert qismində iştirak edib.

Layihə çərçivəsində gənclərə STEAM təhsil metodologiyası və onun müxtəlif modulları, layihə əsaslı öyrənmə, STEAM müəllimi, STEAM şagirdi kimi anlayışlar haqqında məlumat verilib, eyni zamanda gənclər STEAM dərsinin planlaşdırılması haqqında və STEAM avadanlıqlarının istifadə qaydaları ilə bağlı təlimlərə cəlb olunublar. Layihə ərzində gənclər tərəfindən "LEGO® MINDSTORMS® Education EV3 Core Set", "LEGO® Education WeDo 2.0 Core Set", "LEGO® Education SPIKE™ Prime Set", "Makey Makey Classic set", "BBC Micro:bit Starter Kit", "Arduino Starter Kit", "ToyBox 3D Printer" və s. kimi müasir STEAM avadanlıqlarından istifadə etməklə müxtəlif layihələr hazırlanıb. Sonda iştirakçılardan ibarət 5 komanda formasında robototexnika yarışı keçirilib, hər bir iştirakçıya sertifikat və xatirə hədiyyələri verilib. Bundan başqa layihənin gənclərə beynəlxalq dərəcəli "Microsoft Certified Educator" sertifikatı əldə etmək imkanı və bu sahədə iş imkanı yaradılacağı ilə bağlı məlumat verilib.

Qeyd edək ki, təhsilin qloballaşan dünyaya inteqrasiyasını nəzərə alaraq bu layihənin əsas məqsədi STEAM təlimçiliyi və müəllimliyi sahəsində kadr bazasına universitetlərdə təhsil alan tələbələrin təlimə cəlb olunması ilə töhfə vermək, ali təhsil səviyyəsinə uyğun STEAM təhsil və tədris proqramı formalaşdırmaq, regionlardan olan və STEAM sahəsinə yaxın olan ixtisaslarda təhsil alan məzunların bu sahədə karyera inkişafına dəstək olmaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az