reklam

Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

 

 

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Bakı Ali Neft Məktəbinin 12 illiyinin qeyd olunduğu gündə keçirilən tədbirdə millət vəkilləri, universitet rektorları, hər iki ali təhsil müəssisəsinin nümayəndələri, tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edərək bu ali təhsil ocağının yetişdirdiyi çoxsaylı sənətkarlarla mədəniyyət və incəsənətə böyük töhfələr vermiş ali təhsil müəssisəsi olduğunu bildirib. Rektor Mədəniyyət və İncəsənət Universitetinin BANM-in ən yaxın dostlarından, tərəfdaşlarından biri olduğunu, yüksək səviyyədə əməkdaşlıq həyata keçirildiyini qeyd edib və Ali Məktəbin yaranması ilə eyni gündə burada Universitetin 100 illiyinin qeyd olunmasının dostluğun daha bir göstəricisi olduğunu vurğulayıb. Rektor əlavə edib ki, Bakı Ali Neft Məktəbi mühəndislik universiteti olsa da, tələbələr teatra, mədəniyyətə böyük maraq göstərir və buna nümunə olaraq BANM tələbələrinin Bakıda müxtəlif teatr səhnələrində tamaşalar oynadıqları qeyd edilə bilər. 

 

Yubiley tədbirində çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqpərvərliyə görə təşəkkür edərək Bakı Ali Neft Məktəbini yaranmasının 12 illiyi münasibətilə təbrik edib. O bildirib ki, BANM gənc olmasına baxmayaraq qısa müddətdə böyük uğur əldə edib. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan Ceyran Mahmudova 100 illik tarixin fəxr və qürurla dolu olduğunu, bu illər ərzində Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edən saysız məzunlar yetişdiyini, bu gün Universitetdə incəsənətin bütün növlərində tədris həyata keçirildiyini vurğulayıb. 

 

Sonra hər iki rektor tərəfindən xatirə hədiyyələri təqdim edilib. 

 

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa hər iki ali təhsil müəssisəsini təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Millət vəkili bildirib ki, Bakı Ali Neft Məktəbi qısa müddətdə böyük məsafə qət edərək yüksək nüfuz qazanıb. O, həmçinin təmsil etdiyi Komitənin ADMİU-nun 100 illik yubileyi münasibətilə təbrik məktubunu diqqətə çatdırıb və mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan işlərdən danışıb. 

 

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov universitetləri bu əlamətdar gün münasibətilə təbrik edərək həm Bakı Ali Neft Məktəbinin, həm dəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ona doğma olduğunu bildirib.

 

Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə Universitetinin müəllim, tələbə və məzunları ilə yanaşı, Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyevanın ifasında musiqi nörmələri səsləndirilib. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az