reklam

"Mövzu əsaslı öyrənmə" nədir?

Mövzu əsaslı öyrənmə

 

İgiliscə versiyasında Phenomenon-based learning adlanan bu yeni təlim metodunu Mövzu və ya Situasiya əsaslı öyrənmə olaraq tərcümə edirəm. Bu, qavramı tam əhatə etməsə də, bir qədər aydınlıq gətirdiyinə ümid edirəm. Bəs axı Mövzu əsaslı öyrənmə (MƏÖ) nədir? Biz onsuz da gündəlik dərslərimizi müəyyən mövzu üzrə keçirik, yeni metod yaratmağın nə mənası var? – suallarını eşidir kimiyəm. Odur ki, gəlin ətraflı nəzər salaq.

MƏÖ ənənəvi tədrisdən fərqli olaraq sadəcə “Nəyi öyrənirik?” sualına deyil, həmçinin “Niyə öyrənirik?”, “Öyrəndiyimiz mövzu real həyatda nə işimizə yarayacaq?” suallarına da cavab verir.

MƏÖ 1980-cı illərdən etibarən Finlandiyada əsası qoyulub və 2016-cı il avqust ayından etibarən ölkədə keçirilən yeni islahatların nəticəsi olaraq icbari təhsildə tətbiq olunmağa başlayıb. Fənlərarası kurrikulumu əsas götürən metod, layihə və sorğu əsaslı öyrənmənin inteqrasiyası olaraq da başa düşülə bilər və tələbə-mərkəzli metodlardan biridir.

Əsas məzmunu

Bu yanaşmanı əsas götürən dərslərdə tədqiq edilmək üçün şagirdlər şəxsi maraqlarına uyğun olan mövzunu götürür və həmin mövzunu fərqli perspektivlərdən öyrənməyə çalışırlar. Müəllimlər prosesi fasilitasiya edir və şagirdlərdə proses boyunca lazım olacaq bilik və bacarıqların formalaşması üçün bələdçilik edirlər. Sonda şagirdlər nəticələri müəllimə təqdim edirlər. Mövzular sosial ədalət, diabet və astma, sunamilər, və ya gündəlik mövzulardan havada qoxunun yayılması kimi məsələləri əhatə edə bilər. Əsas məsələ isə hədəfin, mövzunun əvvəlcədən qoyulmaması və şagirdin marağına uyğun olmasıdır. Finland məktəblərində hər il müəllimlər şagirlərdən hər birinin ən azı bir MƏÖ modulunda iştirakını təmin edirlər. Dərslər fənlərarası inteqrasiyanı əsas götürdüyü üçün tədris zamanı bir neçə müəllim birlikdə şagirdlərə bələdçilik edir. Məktəbdəki digər fənlər isə ləğv edilmir və MƏÖ ilə paralel aparılır.

Bu modullarda şagirdlər tezliklə unudulacaq faktları əzbərləməklə kifayətlənmirlər, onlar real həyatla əlaqəli elmlə məşğul olurlar. Şagirdləri sürətlə yenilənən dünyaya hazırlıqlı yetişdirməyə çalışan Finlandiya, onlar üçün məktəblərdəki dərslərin unudulmaz və əyləncəli olmasını bu metodla təmin etmiş olur. Şagirdlər problemlərin həlli zamanı bir-biriləri ilə əməkdaşlıq edir, ünsiyyət və tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirirlər. Qrupla işləməkdən əlavə, şagirdlər həm də fərdi şəkildə çalışır, hədəfləri özləri müəyyən edir və müasir dünyanın vacib bacarıqlarından olan öyrənməyi öyrənirlər. Öyrənməni öyrənmək sərbəst şəkildə hədəflər müəyyən etmək, nəticələri analiz etmək və ehtiyac yarandıqda düzəlişlər etmək kimi bacarıqları əhatə edir.

MƏÖ fənlərarası səriştələrin formalaşmasına xidmət edir və verilmiş situasiyalarda lazım olacaq bilik, bacarıq, dəyər və yanaşmaları əhatə edir. Əsas hədəf olaraq yeddi  fənlərarası səriştə müəyyən edilib : (1) düşünmə və öyrənməni öyrənmək; (2) mədəni səriştə, üniyyət və özünüifadə; (3) özbaxım və gündəlik həyatın idarə olunması; (4) multisavadlılıq (açılışı: multisavadlılıq şifahi, fiziki, musiqili və yazılı dili anlayıb müəyyən etmək, şərh etmək, yaratmaq və ifadə etmək bacarığıdır;savadlılığın hərfi mənadan başqa, sosial, iqtisadi və mədəni anlamlarını əhatə edir); (5) infomasiya və kommunikasiya texnologiyaları bacarıqları; (6) iş həyatı və sahibkarlıq; (7) iştirak, qatılma və dayanıqlı gələcəyin qurulması.

MƏÖ-də şagirdlər

Şagird, MƏÖ-də mərkəzi fiqurdur və arzuladığı mövzunu öyrənməkdə sərbəstdir. Bu metodda hər hansı bir fənn öyrədilmir və əvvəlcədən müəyyən edilmiş öyrənmə hədəfi yoxdur. MƏÖ ən önəmli hədəfi dərindən öyrənməni və anlamanı təmin etməkdir. Mövzunun dərindən öyrənilməsi fənlərarası boşluqlarn aradan qaldırılmasına, eyni zamanda fərdi və əməkdaşlıq şəraitində şagirddə müstəqil öyrənmə imkanlarının formalaşdırılmasına kömək edir. Şagird mövzunu ətraflı araşdırararaq yaranmış suallara cavablar axtarır və bu, ona özünütəhlil, şərh etmə bacarıqları qazandırır. Tədrisin bu formada aparılması şagird üçün mənalı, maraqlı və effektivdir.

Şagirdlər nəyi bilib-bilmədiklərini sorğulayaraq öz idrak, qavrama strukturlarını idarə edə bilirlər. MƏÖ-nin tətbiq olunduğu dərslərdə şagirdlər məlumatları əvvəlcədən öyrənmirlər – bu prosesdə şagird məlumatı özü kəşf edir.

Müəllimin rolu

Şagirdlər mövzu üzrə araşdırma suallarını formalaşdırmazdan əvvəl müəllimlər onların həmin mövzuya dair baza biliklərinin olub-olmadığını müyyən edirlər. Araşdırma nəticələrinin faydalı olması üçün müəllimlər həmçinin, şagirdlərə araşdırma suallarının uyğun formada qurulmasını öyrədirlər. Müəllimlər onlara bələdçilik edir, ehtiyac yarandıqda şagirdlərin araşdırmalarına fasilə verir və situasiyadan asılı olaraq lazım olan bacarıqları şagirdlərə öyrədirlər. Məsələn, əgər proyektin bir parçası olaraq şagirdlər kimdənsə müsahibə almalıdırlarsa, (həmin sahənin mütəxəssisindən və s.) müəllim onlara yaxşı müsahibə sualları qurmağı öyrədir və müsahibəni şagirdlərə təkbaşına aparmalarına şərait yaradır.

MƏÖ-ni necə təşkil etməli?

MƏÖ təşkil etmək istəyirsinizsə aşağıda göstərilən addımlar sizə faydalı ola bilər:

1. Şagirdlərdən real dünyadan bir mövzu seçmələrini istəyin; mövzu bütün dünya üçün keçərli (qlobal konteksdə) olmalı və real həyat situasiyaları və ya problemləri ilə bağlı olmalıdır.

2. Mövzu ətrafında “necə”, “niyə”, “əgər…(işdi əgər…, işdir, birdən…)”  sözləri ilə başlayan suallar qurun.

3. Şagirdin qurduğu suala uyğun hansı fundamental biliklərin lazım olacağını müəyyən edin və bunu ona öyrədin. Bu yolda onlara başqa hansı bacarıqlar lazım olacaq?

4.İşi tamamlamaları üçün şagirdlərə kəskin zaman limiti qoymamağa çalışın, bunu şagirdlərin öhdəsinə buraxmaq və birlikdə qərarlaşdırmaq daha uyğun olar. Bu, bir neçə həftə, bir rüb və hətta bir il çəkə bilər.

5. Ümumi prosesin gedişatını izləmək üçün şagirdlərə inkişaf mərhələrini müəyyən etmək üçün “xəritə çəkmələrinə” kömək edin.

Ümid edirəm məqalə MƏÖ haqqında müəyyən fikir formalaşdırılması üçün kömək etdi. Lakin metodu sınaqdan keçirmək istəyiriksə, bu barədə daha ətraflı araşdırmağı məsləhət görərdim. Bunun üçün aşağıdakı ədəbiyyat siyahısı və mövzu haqqında yazılmış digər yazıları da nəzərdən keçirmək olar. Bundan əlavə, həmin metodun tətbiq olunduğu real mühitləri müşahidə etmək üçün imkan yaranarsa,  eynisini qüsursuz tətbiq edə bilmək baxımından faydalı ola bilər.

 

Ədəbiyyat siyahısı

 

Andreev, I. (2023, July 5). Phenomenon-based Learning. Valamis. Retrieved from https://www.valamis.com/hub/phenomenon-based-learning#:~:text=Weaknesses%20of%20phenomenon%2Dbased%20learning,-If%20there%20is&text=Resources%20and%20support%20need%20to,required%20to%20complete%20the%20project

 

Akkaş, E., & Eker, C. (2021). The effect of phenomenon-based learning approach on students' metacognitive awareness. Educational Research and Reviews, 16(5), 181-188. https://doi.org/10.5897/ERR2021.4139

 

García Mathewson, T. (2019, December 10). The Teacher’s Role in Finland's Phenomenon-based Learning. The Hechinger Report. Retrieved from https://www.kqed.org/mindshift/55006/the-teachers-role-in-finlands-phenomenon-based-learning

 

Hongyim, K., & Brunsell, E. (2021). Identifying teacher understanding of phenomenon-based learning after professional development. Journal of Physics: Conference Series, 1957(1), 012039. https://doi.org/10.1088/1742-6596/1957/1/012039

 

Marsh, D., Díaz Pérez, W. & Escárzaga Morales, M. (2019). Enhancing Language Awareness and Competence-building through a Fusion of Phenomenon-based Learning and Content and Language Integration. Journal of e-Learning and Knowledge Society, 15(1),. Italian e-Learning Association. Retrieved November 29, 2023 from https://www.learntechlib.org/p/207526/

 

Symeonidis, V., & Schwarz, J. F. (2016). Phenomenon-Based Teaching and Learning through the Pedagogical Lenses of Phenomenology: e Recent Curriculum Reform in Finland. Forum Oświatowe, 28(2), 31–47. Retrieved from http://forumoswiatowe.pl/index.php/czasopismo/article/view/458

 

Wakil, K., Rahman, R., Hasan, D., Mahmood, P., & Jalal, T. (2019). Phenomenon-based learning for teaching ict subject through other subjects in primary schools. Journal of Computer and Education Research, 7 (13), 205-212. DOI: 10.18009/jcer.553507

Əminət Diqanayeva

Təhsil Məsləhətçisi

 

Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorant (PhD)

 

İzlə : Professional öyrənmə qrupları | Əminət Diqanayeva

              Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az