12 Mart 17:55

8 saylı Olimpiya Məktəbinin açıq birinciliyi keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda adı çəkilən məktəbin açıq birinciliyi keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən digər klub və cəmiyyətlərdən də olmaqla, ümumilikdə 80 velosipedçi mübarizə aparıb.

 

Reqlamentə əsasən, 12 km məsafəyə yarışan qızların mübarizəsində ilk 2 yeri 8 saylı Olimpiya Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Viktoriya Buxenskaya 3-cü olub.

 

Yaşı 15-dək olan oglanlar 18 km məsafəyə yürüşdə mübarizə aparıblar. Bu yaş kateqoriyasında 1-ci və 2-ci yerə 8 saylı məktəbin velosipedçiləri Əhməd Əhmədov və Elmir Əliyev layiq görülüblər. Sumqayıt Velosiped İdmanı Klubundan Fərid Bəylərov ilk üçlüyü tamamlayıb.

 

U-17 və gənclər kateqoriyasında çıxış edən velosipedçilər isə 60 km məsafə qət ediblər. Xüsusi gərginliyi ilə yadda qalan 17 yaşlıların yürüşündə 1-ci yerə 8 saylı məktəbdən Xankişi İsgəndərov layiq görülüb. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü İvan Orlov 2-ci, “Atasport” klubunun nümayəndəsi Bəylər Ağayev isə 3-cü yerə layiq görülüb.

 

Və ən nəhayət, gənclər arasında 8 saylı Olimpiya Məktəbindən Nicat Oruczadə finiş xəttini hamıdan öndə keçib. Onun komanda yoldaşı Maksim Naperstkov 2-ci, Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Rövşən İsmayılov isə 3-cü yeri tutub. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)