+Bizim dövrümüzdə belə deyildi. Müəllimlər nə deyirdi edirdik.
Yuxarıda verilən cümləni tez-tez tədris müəssisələrində eşidirik. Yaddan çıxardığımız və ya fərqində olsaq belə boynumuza almaq istəmədiyimiz bir məqam var: İndi bizim dövrlə eyni dövr deyil!
Bu, zənnimcə bir neçə səbəbdən qaynaqlanır:
- Müəllimlərin özlərinə məxsus dərsə yanaşma fəlsəfələri yoxdur. 20-30 il bundan əvvəl öz müəllimlərimizdə gördüyümüzü eyni ilə siniflərimizdə tətbiq edirik. İnandığımız müəllim modeli odur və həmin modeli sorğulamaq, tənqidi analiz etmək ağlımıza gəlmir.
- Dövrün dəyişdiyini və keçmiş metodların işləmədiyini qəbul etmək əlavə əmək tələb edir. Çünki, belə olan halda gərək öz üzərimizdə işləyək və bizim buna nə vaxtımız, nə də motivasiyamız var. Əvəzində, tələbəni günahlandırmaq daha asandır. Psixologiyada da deyilir ki, qarşı tərəfi günahlandırmaq rahatlamaq və gücsüzlük daxil bir neçə hiss yaradır insanda. Rahatlamaq, ona görə ki, günahı qarşı tərəfin üzərinə qoyuruq – günahkar olmaq ağrılı hissdir və biz əlbəttə bunu hiss etmək istəmirik. Gücsüzlük – müəllim baş verənlər üzərində kontrolunun olmadığını düşünür və bu, çarəsizliyə gətirib çıxarır. “Baş verənlərə görə bizim edə biləcəyimiz bir şey yoxdur” düşüncəsinə qapılırıq.
- Bütün tələbələrdən özümüz kimi çalışqan, bütün gününü dərsə həsr edən tələbələr görmək istəyirik və bunu, tələbələrin hamısından gözləyirik. Bu, pisdirmi? Xeyr. Bəs mümükündürmü? Yenə, xeyr. Çünki, müasir dövr tələbələrə individual yanaşmanı tövsiyə edir.Yəni, bütün tələbələr eyni formada öyrənmir. Biz, öz dövrümüzdə əksər hallarda verilən bütün materialları əzbərləyir və sorğulamadan öyrənirdik. Bu yanaşma, tədrisdə yenə istifadə oluna bilər, lakin bütövlükdə tədris buna əsaslanmamalıdır.
Bu bölmədə daha çox təhsil fəlsəfəsi və onun necə formalaşdırılması haqqında danışacam. Pedaqogika ilə bağlı təlimlər keçərkən xüsusi əhatə etdiyim mövzulardan biri müəllimlər üçün təhsil fəlsəfəsinin formalaşdırılmasıdır. “Fəlsəfə” dedikdə bu, gündəlik tədrisə çox uzaq bir anlayış kimi səslənə bilər. Lakin, təhsil fəlsəfəsi müəllimin dərsə yanaşmasını müəyyən edən bələdçi prinsiplərdən ibarətdir. Bu, bizə tələbələrə dərs keçmə metdomuzu müəyyən etməyə kömək edir. Təhsil fəlsəfəmizi formalaşdırarkən aşağıdakı suallara cavab vermək bizə kömək edə bilər:
Qeyd: Təhsil fəlsəfəsi həm məktəb, həm də universitet müəllimləri üçün keçərlidir. Əsasən “tələbə” sözü istifadə olunsa da, şagirdlər də nəzərdə tutulur.
- Tədris ilinin və ya semesterin sonunda tələbələrim üçün nail olmaq istədiyim hədəflər nələrdir?
Nümunə: Səhv etməkdən qorxmadan öz fikirlərini sərbəst ifadə edə bilən şəxsiyyət, tənqidi düşüncələrini inkişaf etdirmək, bir-birlərinə dəstək verən insanlar,sərbəst şəkildə məlumatı tapıb analiz edə bilən araşdırmaçılar və s.
- Mənim sinifdəki rolum nədir?
Nümunə: Mənim əsas rolum tələbələrə mövzu ilə bağlı məlumatı necə tapmağı, texnoloji yenilikləri ənənənəvi metodlara inteqrasiya edərək onlardan effektiv şəkildə istifadəni, tapşırıqların sinifdə effektiv şəkildə - qrup, individual və fərdi şəkildə yerinə yetirilməsinə nəzarət etmək və fasilitasiya etməkdən ibarətdir. Tələbələri düzgün cümlələrdən istifadə edərək motivasiyalarını artırmaq və dərsdən sonra da mövzu ilə bağlı araşdırmalarını maraqla davam etdirməyə təhrik etməkdən ibarətdir. Bundan əlavə, bir müəllim olaraq, tələbələrə həm də bələdçilik edirəm. Onlara, öyrənmə bacarıqlarını təkmilləşdirərək ömürboyu öyrənmə və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyi vəzifəm hesab edirəm. Son olaraq, tələbələrin fərdi xüsusiyyətlərini müəyyən edir və ehtiyac yarandıqda emosional dəstək verərək onların sinifdə digər yoldaşları ilə birlikdə harmoniyada çalışmalarına kömək edirəm.
- Öyrənmə mühitini necə yaradıram?
Nümnunə: Dərsim tələbələrimin qorxmadan sual verə biləcəkləri emosional cəhətdən təhlükəsiz bir mühitdə baş verir. Dərslər tələbə mərkəzlidir və tələbələr mənim bələdçiliyim altında tapşırıqların həllində həvəslə iştirak edirlər və mən də, tapşırıqları onların marağına səbəb olacaq və gözlərinin maraqdan parıldayacaq bir şəkildə təşkil edirəm.
- Mənim dərslə bağlı dəyərlərim nələrdir?
Nümunə: tələbələrə hörmət; dərs metodlarımın davamlı inkişafı və s.
- Qiymətləndirməni necə həyata keçirəcəm? Vacibdir ki, qiymətləndirmə tələbələrdən öyrənmələrini gözlədiyimiz nəticələrlə uyğunuq təşkil etsin.
Nümunə: öyrənmə proseslərini monitor edə bilmək üçün gündəliyin tutulması, portfolio qiymətləndirməsindən istifadə, və s.
Bütün yuxarıdakı suallara cavab vermək bizə müəllimlik haqqında düşüncələrimizi nəzərdən keçirməyə kömək edir. Qeyd edim ki, təhsil fəlsəfəmizi müəyyən müddətdən bir yenidən nəzərdən keçirir və dəyişikliklər edirik. Məsləhətlidir ki, hər müəllim öz təhsil fəlsəfəsini dərs haqqında qeydlər apardığı dəftərin ilk səhifəsinə qeyd etsin; dərs günündən əvvəl nəzərdən keçirsin və dərsi həmin fikirlər əsasında planlasın.
Ümid edirəm bu yazı sizin üçün faydalı oldu.
İşinizdə uğurlar, əziz müəllimlər!
Aşağıdakı linkə daxil olaraq nümunələrə baxa bilərsiniz. Nümunələr ingilis dilindədir.
https://faculty.uwmedicine.org/wp-content/uploads/2019/08/Sample-Teaching-Philosophy-Statements.pdf
Əminət Diqanayeva
Təhsil Məsləhətçisi
Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorant (PhD)
İzlə : Professional öyrənmə qrupları | Əminət Diqanayeva
Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur