13 İyul 22:56

“Açıq kitabxana” layihəsinin oxuculara və paytaxt sakinlərinə təqdimatı olacaq

İyulun 15-də saat 14:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin oxuculara və paytaxt sakinlərinə təqdimatı olacaqdır.

Bu layihəyə əsasən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan açıq kitabxana – sərbəst mütaliə guşəsi yaradılacaqdır. Burada  ayrı-ayrı vətəndaşlar tərəfindən, oxucular tərəfindən, yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablar nümayiş olunacaq və onlardan hamının burada yaradılacaq rahat guşədə mütaliəsinə şərait yaradılacaqdır.

Eyni zamanda açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcəkdir. Burada  hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılacaqdır. Başqa sözlə desək, bu guşəyə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaqdır. “Açıq kitabxana”da həmçinin açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçiriləcək, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunacaq, onlarla imzalı görüşlər keçiriləcəkdir.

Burada həmçinin kiçik kitab satışı mərkəzi də yaradılacaqdır. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün bu açıq kitabxanaya təqdim edəcək və müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcəkdir. Bu guşədə həmçinin Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması sistemi də təşkil olunacaqdır. Bir sözlə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan bu “Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevriləcək, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçiriəcəkdir.

Burada həmçinin uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də təşkil olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)