ADA Universiteti bu il mayın 11-də “Bir müəllimin manifesti” təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını və təhsil missiyasının davam etdirilməsini öz üzərinə götürüb. Artıq memarlıq-tikinti işlərinə başlanılıb. Eyni zamanda, təhsil proqramına aid hazırlıqlar tamamlanıb və tərtib olunmuş birillik ixtisasartırma proqramının oktyabrın 1-dən həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədəAZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, təklif olunan ixtisasartırma proqramı artıq ADA Universiteti tərəfindən Təhsilin idarə edilməsi fakültəsində bir neçə sertifikat proqramı əsasında uğurla sınaqdan keçirilib. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak edə bilərlər. Proqram əyani və distant formatda aparılacaq. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcək.
Proqramda aşağıda qeyd edilən fənlər tədris olunacaq:
1. Müasir tədrisin əsasları (əyani və distant);
2. Tədqiqat metodları və tətbiqi tədqiqat (əyani və distant);
3. Müəllim və liderlik (əyani və distant);
4. Akademik yazı (əyani və distant);
5. İngilis dili (distant).
Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılacaq. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçiriləcək. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunacaq. Vaşinqton proqramı — proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulub. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə gedəcək, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət abidələrində olacaq, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın təhsil sistemindəki mövcud qabaqcıl nümunələrlə tanış olacaqlar. Proqramın ABŞ komponentində iştirak etmək üçün proqramda nəzərdə tutulan bütün tələblərə riayət edən, yüksək fəallıq göstərən, yerli proqramda və xüsusilə ingilis dilində yüksək nəticə əldə edən müəllim və məktəb direktorları seçiləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaq.
Proqram iştirakçılarının seçim meyarları:
Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak edə bilərlər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərlər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına veriləcək. İngilis dili bilikləri (ən azı başlanğıc səviyyəsi) arzu olunandır. Yekun seçim müsahibə əsasında aparılacaq. Maraqlanan şəxslər [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi:
20 sentyabr 2021-ci il.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və özlərini belə bir layihədə görməyə hazır olan namizədləri gözləyir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur