30 Dekabr 10:16

ADAU-da ingilis dilində dəyirmi masalara start verilib

Edumap.az xəbər verir ki, Azərbayca Dövlət  Aqrar Universitetində  xarici dillərdə, xüsusilə ingilis dilində tədrisin təşkili, dünyanın aparıcı ali təhsil və elmi tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Hazırda universitetdə azərbaycan və rus dilləri ilə yanaşı ingilis dilində də tədris aparılır.

ADAU-nun mətbuat xidməti bildirir ki, bu təhsil müəssisəsində bakalavriat səviyyəsində “dünya iqtisadiyyatı” və “iqtisadiyyat” ixtisasları üzrə ingilis dilində mütəxəssis hazırlanır. Həmin ixtisasların məzunları magistratura və doktorantura səviyyələrində təhsillərini dünyanın müxtəlif ölkələrinin (Portuqaliya, İrlandiya, Almaniya, Yunanıstan, Estoniya və s.) universitetlərində uğurla davam etdirirlər. Bu istiqamətdə əldə olunan nailiyyətləri nəzərə alaraq, növbəti tədris ilində bir sıra kənd təsərrüfatı ixtisaslarında mütəxəssis hazırlğının da ingilis dilində aparılması planlaşdırılıb. Bu istiqamətdə universitetdə mövcud olan imkanların aşkara çıxarılması  məqsədilə ingilis dilində tədris apara bilən müəllimlərin klubu formalaşdırılıb, onların iştirakı ilə hər həftə aqrar sahənin və təhsilin aktual problemləri müzakirə olunmağa başlayıb. İlk  dəyirmi masada  universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  burda təhsil alan əcnəbi tələbələrin sayının artırılması, xüsusilə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssislərin beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlanması, xarici partnyorlarla birgə elmi tədqiqat layihələrinin əhəmiyyəti barədə danışıb, klubun fəaliyyətinə uğurlar arzulayıb.

Aqronomluq fakültəsində professor Famil Şərifovun adını daşıyan auditoriyada təşkil olunan ilk dəyirmi masada universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Hətəmov və bağçılıq kafedrasının əməkdaşı Fəqan Ağayev qlobal və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin aktual problemlərinə dair maraqlı məruzələrlə çıxış ediblər. Çıxışlar dəyirmi masanın iştirakçıları tərəfindən ətraflı müzakirə olunub, suallar məruzəçilər tərəfindən cavablandırılıb, səmərəli təkliflər verilib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)