“Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual Festivalının yekun mərhələsi keçiriləcək

Bu ilin dekabrında “Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual Festivalının final mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə keçirilən festivalın əsas məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığın inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması və təşəbbüskarlığın inkişaf etdirilməsidir.

Festivalda informatika, proqramlaşdırma və robot texnikası, fizika, astronomiya, riyaziyyat, biologiya, kimya, ekologiya elmləri strateji istiqamətlər olaraq müəyyənləşdirilib.

Proqram çərçivəsində ümumi və məktəbdənkənar təhsil müəssisələrinin komandaları I-IV, V-VII və VIII-X sinif şagirdləri üzrə təşkil olunub.

İştirakçılara müasir elm sahələri üzrə “Nə? Harada? Nə Zaman?” formatında intellektual oyun, robot texnikası və proqramlaşdırma yarışları, elmi-kütləvi yaradıcılıq müsabiqələri olmaqla üç nominasiya təklif edilir.

Cari ilin aprelində etibarən festivalda ümumilikdə 1736 iştirakçı, o cümlədən 217 komanda qeydiyyatdan keçib. May-iyul aylarında bütün komandalara test tapşırıqları üzrə izahat, məsləhət və tövsiyələr verilib, avqustda regional görüşlər keçirilib. Eyni zamanda, Gəncə, Mingəçevir, Qəbələ zonaları üzrə komandaların yarışlara hazırlığının təmin edilməsi, praktik fəaliyyət üzrə bilik və bacarıqların formalaşdırılması məqsədilə mütəxəssislərin, komanda rəhbərlərinin və kapitanların iştirakı ilə təlim seminarları təşkil edilib.

Sentyabrın 15-dən 21-ə dək  Bakıda, Bakı Amerika Mərkəzində komandaların kapitanları ilə görüş keçirilib.

Regional seçim turlarının nəticəsi olaraq hər üç yaş qrupundan 10 komanda olmaqla ümumilikdə 30 komanda arasında cari ilin dekabrında festivalın yekun mərhələsi keçiriləcək.

Festival Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Bir cavab yazın

Back to top button