AMEA Aşqarlar Kimyası İnstitutu Türkiyənin İstanbul Texniki Universiteti ilə elmi əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun
direktoru, akademik Vaqif Fərzəliyev və direktor müavini Elman
Zülfiqarov 2017-cı ilin noyabrın 27-dən dekabrın 3-dək Türkiyənin
İstanbul Texniki Universitetində ezamiyyətdə olublar. Səfər ötən il
qurumlar arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində baş
tutub.
Məlumat üçün qeyd edək ki, həmin sənəddə iki elmi müəssisə arasında
elm və texnologiyanın təşviqi istiqamətində birgə tədbirlərin
keçirilməsi, mütəxəssislər arasında müştərək tədqiqatların aparılması,
təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.
Səfər çərçivəsində İstanbul Texniki Universiteti Fənn və Ədəbiyyat
Fakültəsi Kimya bölüm başkanı Prof., Dr. Gurkan Hızal ilə görüş
keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Azərbaycanlı qonaqlar Universitetin Kimya Bölümü üçün alman
mütəxəssisləri tərəfindən yenicə inşa olunmuş, müasir tələblərə cavab
verən, ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi, qeyri-üzvi,
bioloji, yüksəkmolekullu birləşmələr və fiziki-kimyəvi analitik kimya
laboratoriya otaqları ilə tanış olublar.
Tərəflər gələcəkdə əməkdaşlığın əsasən üzvi kimya və bioloji kimya
istiqamətlərində genişləndiriləcəyini bildiriblər. Bundan başqa,
İnstitutun gənc mütəxəssislərinin İstanbul Texniki Universitetinin
Kimya bölümündə təcrübə keçmələrinə dair razılıq da əldə olunub.

Rəylər

rəy(lər)