14 Fevral 11:17

Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı yeni kitabı işıq üzü görüb

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı “Şərq-Qərb” nəşriyyat evində işıq üzü görüb. Yüksək poliqrafiq səviyyədə çap olunan kitabda müəllif haqqında deyilir: “Aqşin Babayevin “Xilaskar”, “Oğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər…”, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə”, “Mükafat”, “Əzizim Vətən yaxşı”, “Gecikmiş bahar”  və başqa pyesləri teatr səhnələrində və televiziya ekranlarında nümayiş etdirilib, radio dalğalarında səsləndirilib. Onun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Xilaskar” pyesi C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının quruluşunda Türkiyədə, Dağıstanda, Gürcüstanda uğurla tamaşaya qoyulub. A.Babayevin əsərləri Amerika, Almaniya, Rusiya, Moldova və başqa ölkələrdə nəşr olunub”.

Aqşin Babayevin yeni kitabında müəllifin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş etdirilib, Azərbaycan televiziyası və radiosunun qızıl fonduna daxil edilib. Nəşrin redaktoru görkəmli dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli Aqşin Babayevin dram yaradıcılığını kitabın ön sözündə belə səciyyələndirir:

“Aqşin Babayev dramaturgiyasının uzunömürlü olmasının səbəbini bilsəm də, onun dram əsərlərinin bir hissəsinin toplandığı bu kitaba redaktor gözü ilə baxanda həmin səbəbi daha yaxşı anladım: dramaturqun bütün əsərləri həyatın özündən, gündəlik insan qayğılarından, çox adi, hamının dərk edə biləcəyi reallıqdan qaynaqlanır.

Bu kitabla yaxından tanışlıq mənə bir daha göstərdi ki, çox zəngin və xoşbəxt həyat yolu keçən Aqşin Babayev hər bir işə dərin məsuliyyət hissi ilə yanaşdığı kimi, bədii yaradıcılığı da çox ciddiyə alan istedadlı və zəhmətkeş yazıçıdır, hətta uzun illərin yaradıcılıq uğurları və ustad yazıçı təcrübəsi də onu arxayın salmır. Dramaturgiyaya gələndə isə yazıçı daha artıq ciddiyyət və məsuliyyətlə işləyir”.

Bəyən və paylaş

Rəylər

rəy(lər)