10 Aprel 22:58

ARDNF yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir

1. Ümumi müddəalar

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

Müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

  • Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;
  • Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;
  • Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti

2. Mükafatlandırma

I yer – 1 nəfər – 1000 manat

II yer – 1 nəfər – 800 manat

III yer – 1 nəfər – 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat

Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq.

3. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

  • Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
  • Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
  • Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
  • İfadə vasitələrinin zənginliyinə;
  • Oxucu üçün informasiyalılıq dərəcəsinə;
  • Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 10 aprel 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-dəyayımlanmaya da bilər.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

4. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

  • yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
  • yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
  • müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
  • materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
  • diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
  • yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

Təqdimatda yer almalıdır:

  • Müsabiqə yazısı (“Word” faylında, imzasız);
  • Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
  • Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən “link”;
  • Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);
  • Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 10 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 30

(055) 201 99 26

(012) 498 77 53 (1820/1824)

Bəyən və paylaş

Rəylər

rəy(lər)