16 Aprel 12:30

“ART-FEMİNİZM” adlı tədbir keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında keçiriləcək rəssam Şahnaz Ağayevanın iştirakı ilə “De/Konstruksiya” müzakirələri çərçivəsində “ART-FEMİNİZM” adlı tədbirə dəvət edir.

Mühazirəçi: Şahnaz Ağayeva
Tarix: 19 aprel, 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Şahnaz Ağayeva tədbirdə Yayoi Kusama, Şirin Neşat, Luiza Burjua, “Eva und Adele”, “Pussy Riot”, Cudi Çikaqo kimi ruhlandırıcı qadın sənətçilər haqqında bəhs edəcək. Bundan əlavə, rəssam sosial fərqləri və gender identikliyinə dair təcrübələri araşdıran əsərlərini auditoriyaya təqdim edəcək. Rəssamın əsərləri, bərabərliyə səbəb olmaq ümidi ilə, pozitiv və anlaşılan dəyişiklik gətirməyə çalışır. Şahnaz Ağayeva öz yaradıcılığında performans, instalyasiya, qrafika və audio-vizual kimi texnikalardan istifadə edir.

Şahnaz Ağayeva (d.1984, Sumqayıt) 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika üzrə magistr dərəcəsini alıb. Nizami Təhsil Mərkəzində müəllim işləyib və “OYUNCAQ” uşaq dərgisində rəssam kimi iştirak edib. 2015-ci ildən YARAT-da rəsm müəllimi kimi çalışıb. Onun əsərləri “Sumqayıt 50” (Sumqayıt Dövlət İncəsənət Qalereyası, 2000) və “Səslərin rəngi” (Natəvan Qalereyası, Bakı, 2016) kimi qrup sərgilərində, həmçinin “İstedadlı əllər” (Türkiyə, 2006) kimi xarici sərgilərdə iştirak edib. 2017-ci ildə ARTIM LAB layihəsi çərçivəsində Şahnazın əsərləri Fərhad Fərzəliyevin kuratorluğu ilə “100% made in Azerbaijan”, Faiq Əhmədin kuratorluğu ilə “Sıfır”, Şeyla Zaqonun kuratorluğu ilə “Qadın problemləri: Sərhədsiz konfliktlər” adlı 24 saatlıq sərgilərdə və 2018-ci ilin mart ayında keçirilən layihənin yekun tədbiri “Buraxılış sərgisi”-ndə nümayiş etdirilib. Mart ayının sonlarında YAY Qalereyasında keçirilən “Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada…” adlı qrup sərgisinin iştirakçısıdır.

De/Konstruksiya – ARTIM Layihə Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)