1 İyul 18:43

ARTIM: Sevgi məktubları / Mühazirə

YARAT böyük məmnuniyyətlə sizi ARTIM-da keçiriləcək Leyla Novruzova və Gülya Novruzovanın “Sevgi məktubları” adlı layihəsi haqqında mühazirəyə dəvət edir.

6 iyul, saat 19:00
ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küçəsi, 30, 001A

Tədbir rus dilində keçiriləcək
Giriş sərbəstdir

Yazıçılar Leyla Novruzova və Gülya Novruzovanın ərsəyə gətirdiyi “Sevgi məktubları” layihəsi “sevgi nədir?” sualının cavabını tapmağa cəhd göstərir. Bu layihə, real insanların real sevgi hekayələri üzərində qurulub. Niyə insanlar sevgi naminə axmaq işlər görürlər? Niyə sevginin ağrı-acısını yaşamış adam geri dönmək və bu möhtəşəm hissi yenidən yaşamaq istəyir? Sizcə nə yaxşıdır – böyük sevgi yaşayıb onu itirmək, yoxsa ümumiyyətlə onu dolğun və tam parlaqlığı ilə yaşamamaq?

Leyla Novruzova (d.1971, Bakı) və Gülya Novruzova (1959, Bakı) Azərbaycan Dövlət Dillər Universitetini bitiriblər. Bir qadının həyat hekayəsindən son dərəcə təsirlənərək “Sevgi məktubları” adlı müsahibə layihəsini ərsəyə gətirdilər. Bu qadın öz ömrünü sevgisinə, həyatının mənasına çevrilən bir kişiyə qurban verir. O, bu kişiyə görə hər şeydən – öz uğurlu karyerasından, rəfiqələrindən, ailəsindən, hətta öz anasından belə imtina edir. Kişi digər qadınla evli olsa da, uzun illər onun həyatının sevgisi olur və nəhayət, bir gün onlar bir-birlərinə qovuşurlar… Onlar birgə ailə kimi yaşamağa başlayırlar və həqiqətən, çox xoşbəxt anlar yaşayırlar. Amma, cəmi 2 ildən sonra, kişi sevdiyi qadını tərk edərək digər qadının yanına gedir. Ərinin bu hərəkəti onun həyatını büsbütün alt-üst edir və onu həyatda heç nəsiz qoyur…

Bu hekayədən ilhamlanan Leyla və Gülya “Sizcə nə yaxşıdır – böyük sevgi yaşayıb, sonra onu itirmək, yoxsa bu sevgini ümumiyyətlə yaşamamaq?” sualı ilə müxtəlif insanlardan müsahibələr götürməklə bu layihəyə başladılar.

Bu tədbir “KİŞİLƏR AĞLAMAZ! (BOYS DON’T CRY)” sərgisinin bir hissəsidir

Sərginin müddəti: 16 iyun – 9 iyul 2017
Sərginin iş rejimi: Cümə axşamı – Bazar, 14.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)