11 İyul 19:13

ARTIM: Xəstə sevgi təbiəti

YARAT Müasir İncəsənət Məkanı sizi YARAT rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Xəstə sevgi təbiəti” (“Sick Love Nature”) sərgisinə dəvət edir.

Açılış: 18 iyul, saat 1900
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş sərbəstdir
Rezidentura sərgisinin əsərləri, rəssamların süniliyə göstərdiyi maraqlarla bağlıdır. Əgər toy romansını “biznes” nöqteyi-nəzərindən xırdalasaq, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? YARAT rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.

İlkin Hüseynovun “Toy Xana” adlı əsəri, Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam, öz sənədli yanaşması və statistik araşdırması ilə bir vaxtlar yalnız sayılıb-seçilən qonaqlardan ibarət olan, bu mötədil, kiçik miqyaslı ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq, ifrat dərəcədə israfçılığın və “yeyib-içməyin” yer aldığı möhtəşəm tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və faktiki qida qalıqlarından ibarət instalyasiya daxildir. Bu isə bir növ barokko dövrünün məşhur vanitas janrının duyğusal təcrübəsinə çevrilir və gözəllik, tənəzzül və faniliyi özündə cəmləşdirərək, “mənasız görünüş, miskinlik, fanilik”, hətta “yalan, lovğalıq, iflas və ya absurd” mənasını kəsb edir.

Ehtiram Jabinin “Koma” adlı əsərlər silsiləsi, komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanoxolik, “letargik” qrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir. “Hiss edirəm ki, mənə ayrılan vaxtın yarısını bitirmişəm və yaşadığım bu müddəti havasız, işıqsız, rəngsiz bir mühitdə keçirmişəm. Hər zaman məni nələrsə boğub. Hər zaman fərqli bir şeylər etmək istəyərkən dayanmışam. Hər zaman başqa yerlərdə olmaq, qaçmaq istəmişəm. Hər zaman məni nələrsə saxlayır.”

Ozan Atalanın “Hiss olunan reallıq” adlı instalyasiyası, sürətlə dəyişən dünyamızda informasiya yükünün dərk edilməsi ilə bağlı nəzəriyyələri sual altına qoyur. Rəssam, “informasiya” və “məntiq” terminlərini “hisslər” və “təxəyyül” terminləri ilə qarşı-qarşıya qoyan “kiber” və ya “həqiqi reallıq” arasında mədəni qurulmuş dualizmlə deyil, əksinə, bütövlükdə transformasiya prosesin, ələlxüsus, “spekulyativ estetika” nəzəriyyəsinin necə təqdim edilməsi ilə maraqlanır. “Çağdaş dünya həm insan transformasiyalarına, həm də təbii transformasiyalara məruz qalır. Siyasətdə baş verən dəyişikliklər və təbii dəyişikliklər spekulyativ estetika prizmasından bir-biri ilə harmonik qarşılıqlı əlaqə təşkil edir. Azərbaycanın tarixini və coğrafiyasını, Bakıda baş verən faktiki şəhər dəyişikliklərinə rəğmən, mənim əsərlərim təbiətə hörmət prinsipinə söykənən mədəniyyətin formalaşmasının mümkünlüyünü, təbiət və mədəniyyət arasında mədəni qurulmuş dualizmin qəbulunu sual altına qoyan təbii və mədəni vəhdətlərin birgə, lakin müstəqil şəkildə mövcudluğunu təklif edir.”

Bioqrafiyalar

Fotoqraf İlkin Hüseynov (d. 1988, Gəncə), əsasən müasir Azərbaycanın prioritet sosial problemlərindən bəhs edən əsərlər üzərində işləyir. O, 2015-ci ildə Madriddə yerləşən EFTI Foto Məktəbini bitirib. London Fotoş Festivalının finalçısı, “PowerHouse Books” müsabiqəsində ikinci yerin qalibi və “Magnum Foundation Emergency Fund” tərəfindən təsis edilmiş qrantın mükafatçısıdır. İlkin Hüseynov həm də məhdud saylı, əllə hazırlanan kitablarının nəşri ilə məşğul olan “Riot Books” müstəqil nəşriyyat evinin həmtəsisçisidir. Rəssamın əsərləri bir sıra tədbirlərdə nümayiş edilib, o cümlədən: Avstriyada Anzenberger Gallery (Vyana, Avstriya), Recyclart Art Center (Brüssel, Belçika) Afina Foto Festivalı (Yunanıstan), İstanbul Telefon Kitabçası Festivalı (Türkiyə), Dehli Foto Festivalı (Hindistan), Grid Foto Festivalı (Amsterdam, Niderland).

Ozan Atalan (d. 1985, Gelibolu, Türkiyə) 2003-2007-ci illərdə Anadolu Universitetinin hüquq fakültəsində təhsil alıb. 2008-ci ildə, Dokuz Eylül Təsviri İncəsənət Məktəbində fərdi rəssamlıq təcrübəsinə başlayıb. 2013-cü ilə incəsənət bakalavrı dərəcəsini alıb və daha sonra, Sirakuza Universitetində MFA proqramı üzrə Fulbrayt Təqaüdünə layiq görülüb. Bundan sonra, Sirakuza Universitetinin vizual və tətbiqi incəsənət üzrə incəsənət magistri adını qazanıb. Ozanın əsərləri həm yerli, həm də beynəlxalq səviyyədə “Trekhqornaya Manufaktura” (Moskva), Siemence Art Gallery, Kedi Culture and Art Gallery, Cetin Emec Art Gallery, Spark Contemporary Art Space, K2 Contemporary Art Center, Goethe Institute, Pera Museum (Istanbul) və digər sayılıb-seçilən məkanlarda sərgilənib.

Ehtiram Jabinin (d.1996, Bakı) fotojurnalistika sahəsinə olan böyük marağı Reuters, ANN, RFE/RL kimi xəbər agentliklərinin Azərbaycan fəaliyyətləri ilə əməkdaşlıqla nəticələndi. Onun bir sıra fotoları sözügedən agentləri tərəfindən dərc olunub. Bundan əlavə, Ehtiramın “Zirvədə”, “Ağ qu quşu”, “Veteranlar” kimi silsilə fotoları yerli aparıcı portallarda da əks olunub. 2014-cü “Magnum Photography” (Tomaz Dvorjak, Çien-Çi Çanq) və fotoqraf Devid Montqomeri ilə YARAT Yay Məktəbində iştirak, onun fəaliyyətində mühüm rol oynadı. 2015-ci ildə, Moskvada keçirilmiş “Xalqlar dostluğu” adlı sərgi çərçivəsində keçirilmiş yaradıcı görüşdə mühazirəçi qismində çıxış edib. Həmin il, Azərbaycan Fotoqraflar İttifaqının “Ümid” mükafatına layiq görülüb. 2017-ci ildə, “Polio” adlı ilk geniş miqyaslı layihəsini tamamlayıb. Onun əsərləri Rusiya və Gürcüstanda keçirilmiş qrup sərgilərində nümayiş etdirilib. Hal-hazırda, Bakıda yaşayır və müxtəlif fərdi foto layihələr üzərində çalışır.

YARAT REZİDENTURA PROQRAMI
YARAT Müasir İncəsənət Məkanı, hər ilin sonunda (sentyabr ayında) rəssamları rezidentura proqramında iştirak üçün müraciət etməyə dəvət edir. Proqram üç mərhələyə bölünüb (yanvar-aprel, aprel-iyul, sentyabr-dekabr) və qrantların təqdim edildiyi rəssamlar, üç ay ərzində Bakıda işləmək və yaşamaq imkanı əldə edirlər. Hər bir mərhələdə iki beynəlxalq və iki yerli rezident iştirak edir.

YARAT Rezidentura Proqramı, müxtəlif mövzular üzrə araşdırmaların aparıldığı açıq təcrübələrə və Qafqaz regionunun araşdırılmasına maraq göstərən rəssamlar üçün açıqdır. Proqram çərçivəsində rezidentlər öz həmkarları, habelə beynəlxalq səviyyəli incəsənət peşəkarları ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə səfərlər etmək imkanı əldə edirlər. Rezidenturanın sonunda uğurlu sənət əsərləri Bakıdakı ARTIM Layihə Məkanında nümayiş etdirilir. YARAT Rezidentura Proqramı əsasən ingilis dilində aparılır.

Sərgi tarixləri: 18 iyul – 12 avqust 2018
İş saatları: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)