Atletikada liderlik və mükəmməllik proqramı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə  həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir. LEAP 2017 programı atletika idman növü vasitəsilə gənc liderlərin yetişdirilməsinə xidmət edir.

 

Növbəti belə təlim, 178, 189-190 və 276 saylı orta ümumtəhsil məktəblərində təşkil edilmişdir. Şagirdlərin davamlı idmanla məşğul olmasını təşviq etmək və onların liderlik xüsusiyyətlərinin artırılmasına xidmət edən dərslərdə 8-10-cu siniflərdən ümumilikdə 100-dən çox məktəbli iştirak etmişdir. Təlimlər ilin sonuna qədər digər orta ümumtəhsil məktəblərində də davam edəcəkdir.

 

Atletika idman növünə daxil şən, təhlikəsiz və mütəhərrik oyunlardan ibarət praktiki təlimi şagirdlər üçün Britaniya Atletika Assosiyasiyasının cari ilin Mart ayında Bakıda təşkil etdiyi təlim kurslarını bitirmiş fiziki tərbiyə müəllimləri təşkil etmişdir. Bu təlimlərdə müxtəlif orta və Uşaq-Gənclər İdman Məktəblərdən olan 14 nəfər məşqçi-müəllimi iştirak etmişdir.  Təşkilatçılar təlimdə iştirak edən bütün şagirdləri sonda sertifikat ilə təltif etdilər.

 

Xatırladaq ki, 2017-ci ildə Londonda keçiriləcək Yüngül Atletika üzrə Dünya Çempionatının sosial idman irsini təşkil edən LEAP 2017, “UK Sport” və Britaniya Atletika Assosiyasiyasının birgə proqramıdır. Layihədə iştirak edən məşqçi-müəllimlərdən ən yaxşısı 2017-ci ildə Londonda keçiriləcək Yüngül Atletika üzrə Dünya Çempionatında iştirak etmək hüququ qazanacaqdır.

 

Əlavə məlumat üçün layihənin koordinatoru Məmməd Həsən-zadəyə [email protected] e-poçtu ilə yaxud 055 787 3366 nömrəli telefonla müraciət etmək olar.

Bir cavab yazın

Back to top button