26 Sentyabr 19:50

ATU-da “Gəncə startapların görüşü” tədbiri baş tutub

Edumap.az xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində (ATU) “Azercell Telecom” şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi VƏ PAŞA Bankın dəstəyi ilə yeni ideyası olan və öz biznesinə başlamaq istəyən tələbələrlə görüş keçirilib.

 

Bölgədəki digər universitetlərin də dəvət olunduğu tədbiri ATU Davamlı İnkişaf Mərkəzinin direktoru Fədai Əfəndiyev açaraq  “Ganja startups meetup” adı altında keçirilən görüşün iştirakçılarını universitetin rektoru, professor Akif Süleymanovun adından salamlayıb. Daha sonra iştirakçılar qarşısında görüşün məqsədi barədə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatorları İradə Məmədova və Fidan Tofidi çıxış edib. Eyni zamanda mərkəzin dəstəyi ilə öz startaplarını biznesə çevirə bilmiş “Xtreme Pro” və “Green Baku” layihələrinin müəllifi Samir Qədirov, “Technote” media platformasının baş icraçı direktoru və təsisçisi  Fərid Pərdəşünas da iştirakçılara öz uğur hekayələrini danışıblar.

 

Biznes ideyalarının stimullaşdırılması və praktik biliklərin paylaşılması məqsədi ilə təşkil edilən görüş çərçivəsində tələbə gənclərlə söhbət aparılıb, öz işinə başlamaq və işləmək istəyən, lakin hələ konkret bir ideyası olmayanlara sahibkarlıq haqqında məlumatlar verlib. Bu günə kimi mərkəzə təqdim olunan və həyata keçirilən startap layihələrdən danışılıb. Eyni zamanda, Gəncə şəhərində ilk dəfə təşkil edilən və sentyabrın 11-dən oktyabrın 10-nadək davam edən “Ganja Big Idea Competition” ideya müsabiqəsi haqqında da tələbələrə ətraflı məlumat verilib. Müsabiqənin bölgələrdən  gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı təqdim etdiyi xüsusi vurğulanıb.

 

Sonda təşkilatçılar tələbələrin fikir və təkliflərini dinləyib onlara ünvanlanan sualları cavablandırıblar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)