22 İyul 13:04

AVRASİYA ƏMƏKDAŞLIQ FONDU “MÜNAQİŞƏ MƏKTƏBİ”NƏ MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDIR

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Sabitlik və Təhlükəsizlik Fondu  tərəfindən birgə maliyyələşdirilən  “Münaqişə Məktəbi”nə qəbul elan edir.

“Münaqişə Məktəbi”nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin formalaşmasına töhfə verməkdir.

“Münaqişə Məktəbi” müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaq. Seminar və mühazirələr sülh, müharibə və münaqişələrin sosiologiyası, kollektiv yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqlar, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın münaqişənin nizamlanmasında rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. “Münaqişə Məktəbi”ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.

“Münaqişə Məktəbi”ni uğurla başa vurmuş iştirakçılar sosial fəaliyyətləri üçün maliyyə dəstəyi əldə etmək imkanına sahib olacaqlar. Maliyyə imkanından əlavə “Alumni+network” iştirakçıları üçün nəzərdə tutulmuş təlim və tədbirlərə qatıla biləcəklər.

“Münaqişə Məktəbi”ndə iştirak üçün 18-28 yaş aralığında olan tələbələr, yeni məzun olmuş gənclər və gənc mütəxəssislər müraciət edə bilər. Seçim müraciət edənlərin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı siyasi elmlər, beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcək.

“Münaqişə Məktəbi” 14 – 25 avqust 2019-cu il tarixlərində “Baku IdeaLab”da həyata keçiriləcək.

“Münaqişə Məktəbi”ndə iştirak etmək üçün 8 avqust 2019-cu il tarixinədək müraciət forması [email protected] elektron ünvanına göndərilməlidir. Uğurlu namizədlər müsahibə mərhələsinə çağırılacaqlar və müraciətlərin nəticələri 11 avqust tarixində elan ediləcək.

Təlim proqramı Azərbaycan dilində keçiriləcək.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. AƏF-in Azərbaycan Respublikasındakı fəaliyyətinin əsas komponentlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vətəndaş cəmiyyətinin iştirakına və bacarıqlarının şaxələndirilməsinə dəstək olmaqdır.

Application form

Bəyən və paylaş

Rəylər

rəy(lər)