27 Noyabr 09:49

Avropa Dizayn İnstitutu IED / Hər yerdə sənət əsəri görmək

Avropa Dizayn İnstitutu IED (Istituto Europeo di Design) Azərbaycandakı İtaliya Səfirliyinin dəstəyi sayəsində Bakıya gəlir: IED tərəfindən YARAT Müasir İncəsənət Mərkəzində konfrans keçiriləcək, “Azərbaycan Moda Həftəsi – 2015” çərçivəsində isə sərgi düzənlənəcək. Bundan əlavə, AFW (Azerbaijan Fashion Week – Azərbaycan Moda Həftəsi) layihəsinin təşkilatçılığı ilə keçirilən “Gənc Dizayner” müsabiqəsinin 3 qalibinin hər biri IED-dən təhsil təqaüdü alacaq.

Konfrans:

Şüarı:Hər yerdə sənət əsəri görmək!

Mövzusu: Müasir incəsənətin dizayn metodologiyası üçün əhəmiyyəti barədə.

Aparıcıları: İqor Efrem Zanti – art-kurator və IED-in Venesiya filialının direktoru
Cakopo Manqaniello – IED-in beynəlxalq marketinq üzrə müdiri

Vaxtı:02 dekabr 2015-ci il, saat 19:30-da

Yeri: YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ
Bayıl, Dövlət Bayrağı meydanı yaxınlığında
Bakı, Azərbaycan
www.yarat.az

Dizayn metodologiyasının ilk addımını çox vaxt “Tədqiqat” kimi müəyyən edirlər. Halbuki, müasir dizaynerlər öz layihələrinin daha əhəmiyyətli olması üçün bundan da əvvəl müəyyən amillərə əməl etməlidirlər. Müxtəlif yaradıcılıq sahələri arasında hərəkətdə olmaq və hal-hazırda incəsənət, moda, fotoqrafiya, dizayn, reklam aləmində cərəyan edənlərin mahiyyətini anlamaq – bu, müasir dizayner üçün əsas əhəmiyyət kəsb edir… qarşısında duran hər hansı konkret dizayn işi barədə müzakirələrdə onu daha rəqabətli və inandırıcı göstərir. Müasir dünyanın mürəkkəbliyinə necə yanaşdığını dəyişərək, dizayner öz işini və əldə etdiyi nəticələri təkmilləşdirə bilərlər: istər bu bir mebel əşyası olsun, ya da bir paltar, bir aksessuar, bir strategiya.

İqor Efrem Zanti – art-kurator və IED-in Venesiya filialının direktoru
İqor Efrem Zanti bir neçə il sənətşünas, bir də müasir incəsənət və tətbiqi sənət layihələri üzrə kurator kimi çalışıb. 2005-ci ildən başlayaraq o, İsveçrədə yerləşən Barbara Mahler Qalereyasının kuratorudur. Nüfuzlu “Arte Laguna” incəsənət mükafatının, eləcə də fotoqrafiya sənəti üzrə “I diari della Terra” mükafatının həm təsisçilərindən biri, həm də münsiflər heyətinin üzvüdür. Bir neçə mədəniyyət birliyinin bədii məsləhətçisidir. 2008-ci ildə Molyano-Veneto əyalətindəki Brolo İncəsənət və Mədəniyyət Mərkəzindəki muzeyin bədii rəhbəri təyin olunub. 2009-cu ildən etibarən IED ilə əməkdaşlıq edir: öncə mühazirəçi qismində, sonra isə 2012-ci ildə IED-in Venesiya filialının direktoru oldu. Yazıları incəsənət üzrə müxtəlif jurnallarda dərc olunur.

Cakopo Manqaniello – IED-in beynəlxalq marketinq üzrə müdiri
Bir neçə il ərzində Romada müasir incəsənət sahəsində işləyib, Outdoor (www.out-door.it) kimi beynəlxalq şəhər (urban) incəsənəti festivallarının təşkilatçısı və əlaqələndiricisi olub. Sonra isə beynəlxalq dizayn və moda aləminə keçərək, IED-də çalışıb. Tələbə təqaüdləri təyin edir, Tbilisi və Beyrut kimi şəhərlərdə keçirilən yeni moda və dizayn həftələrində iştirak edərək, gənc istedadlara niyyətlərinə çatmağa köməklik göstərir.

Sərgi:

FRAMES – IED-Roma filialının hazırladığı moda nümayişi
Azərbaycan Moda Həftəsi – 2015
30 noyabr – 3 dekabr 2015-ci il
AZ1000, Bakı, Azərbaycan,
Bakı Ağ Şəhər, “Bulvar” oteli
http://afw.az/

Avropa Dizayn İnstitutu IED (Istituto Europeo di Design) “Azərbaycan Moda Həftəsi – 2015” çərçivəsində IED-Roma filialının hazırladığı “FRAMES” moda sərgisini təqdim edir.

IED-Roma filialının Moda Dizaynı fakültəsinin ilkin ali təhsil bölümündə oxuyan yuxarı kurs bakalavr tələbələri tərəfindən dizayn olunmuş və ilk dəfə Romanın “göbəyində” yerləşən nəfis Palazzo delle Esposizioni sarayının David LaChapelle’s sərgi zalında (“David LaChapelle daşqından sonra”) nümayiş olunmuş bəzi geyimlər indi AFW (Azerbaijan Fashion Week – Azərbaycan Moda Həftəsi) məkanında nümayiş etdiriləcək. “FRAMES” sərgisində dərzi sənətinin ənənəvi qaydalarının tədricən ən novatorçu texnikalara keçməsi nümayiş etdirilir. Moda, dizayn və fotoqrafiya üsulları burada bir-birinə qatılır. Hələ üstəlik, rəqəmsal çap sistemləri ətrafında aparılan möhtəşəm eksperimentlərlə yanaşı, 3D texnologiyası və parça üzərində texnoloji yeniliklərin tətbiqi də öz yerində. Müxtəsər, “FRAMES”-in təqdim etdiyi geyim və zərgərlik məmulatları bənzərsiz “çağdaş sənətkarlıq” kimi səciyyəvidir. Sonucda elə bir unikal modalar nümayişi alınıbdır ki, burada dəqiqlik, yenilik, zarafat ilə ciddilik, yüngüllük hissi ilə mürəkkəb ilham duyğusu – hamısı bir-birinə “tikiş salıblar”. Təkrarsız düşüncələr gətirən dərin araşdırmadan əlavə, təqdimatın öz orijinallığı da “FRAMES”-i novatorçu layihəyə çevirir. Bu modalar nümayişinin başqa bir qeyd olunmalı cəhəti də ondan ibarətdir ki, burada müxtəlif yaradıcı fikirlərin bir-birinə necə qarışması, iç-içə keçməsi, bir-birinə necə təkan verməsi diqqət mərkəzinə alınır.

Lavinia Ciampa, Ivyhelix (“Sarmaşıq” )

Bu kolleksiyanı təqdim edən qadının çıxışında mürəkkəblik, zəriflik və dərin düşüncələr sezilir. Qat-qat düzülmüş tüldən, şəffaf və pastel boya rənglərində olan parçalardan qurulmuş qiyafətlər birbaşa Art-Nuvo şəkillərinə işarə vurur.

Martina Biagini, American Made Preppy (“Amerikasayağı Preppy (özəl məktəb şagirdi)”)

“Preppy”-ni dərk etmək üçün keçən əsrin əllinci-altmışıncı illərə qayıdıb, ABŞ-da kollec tələbələrinin geyindiyi formalara nəzər salmaq lazımdır. “Köhnə məktəb” ab-havası müəyyən rənglər vasitəsilə dolğunluq alır: dümağ, tünd qırmızı, ingilis yaşılı, oxra, qum rəngi; ən eksklüziv Amerika kolleclərinin özəl nişanlarını xatırladan applikasiya və boyama naxışları da öz rolunu oynayırlar.

Sara Cannatelli, Rebel twice (“İkiqat qiyamçı”)

Lüzumsuz intim reallıq öz çılpaq ruhunu nümayiş etdirir. Aydın konturlu dəqiq sərhəd çəkməkdən ötrü lazım olan əsas elementlər – ciddilik və sadəlikdir. Tərs könlün əyninə zorla keçirilmiş sərt paltar tamamən yeni tip androqin (hər iki cinsin xüsusiyyətlərini özündə birləşdirən) görüntüsü yaradır. Qadınlar milli geyimlərdə ortaya çıxaraq müharibədən sonrakı vaxtların şəhər əhalisini xatırladırlar. Onlar kişi paltarını da geyinir – bununla da sərt və qərarlı olduqlarını, gələcək üçün bütün məsuliyyəti öz üzərinə götürdüklərini ifadə edirlər.

Flaminia Pietravalle, Neatness (“Səliqə”)

“Səliqə” – təmizkarlıq, dəqiqlik, sadəlik və ciddilik ifadə edir, özü də bu cəhətlərin hamısı memarlıq, incəsənət və dizaynı əhatə edən “ideal”-a aiddir. Gerçəklik və əşyalar vacib olmayan cizgiləri bir kənara qoyub, sırf öz mahiyyətini nümayiş etdirirlər. Formalar minimal və həndəsidir, təmiz və düz xətlərdən ibarətdir. Şəffaflıq, üst-üstə düzülən laylar, naxışlar… Qabarıq motivlər isə Joachim Bandau, Nubuhiro Nakanishi və ağ köynəkli bənzərsiz Gianfranco Ferrè-nin əsərlərindən xəbər verirlər.

Bundan əlavə, AFW ilə IED tərəfindən gənc dizaynerlər arasında aşağıda göstərilən kateqoriyalar üzrə ilk dəfə müsabiqə də keçiriləcək:

1. Moda/geyim dizaynı
2. Memarlıq və interyer dizaynı
3. Qrafika/kompüter dizaynı
4. Parçaların dizaynı və moda illüstrasiyaları

Müsabiqənin qalibləri IED (Istituto Europeo di Design) institutunda oxumaq imkanı qazanacaqlar.

Azərbaycanlı dizaynerlərlə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Fransa kimi ölkələri təmsil edən iştirakçılar da müsabiqəyə qatılacaqlar.

Müsabiqənin yekun mərhələsi dekabrın 4-də, MİM muzeyində keçiriləcək.

______________________________________________________

Istituto Europeo di Design, IED (Avropa Dizayn İnstitutu)

IED təhsil və tədqiqat sahəsində İtaliya, İspaniya və Braziliyada fəaliyyət göstərən 100% “Made in Italy” əsaslı beynəlxalq şəbəkədir. İnstitutun hər bir filialı dörd fakültədən ibarətdir: IED-Dizayn, IED-Moda, IED-Vizual Sənət Növləri və IED-Əlaqələndirmə, bunların da hamısının birlikdə ümumi hədəfi – dizayn mədəniyyətidir. IED-in təhsil təklifi genişdir: institutun ilkin ali təhsil bölümü, diplom bölümü, magistraturası, akademik tədris ili və semestr kursları, yay/qış kursları və ixtisaslaşmış kursları vardır. IED-in tədris metodları fakültələrin yerli sənaye şirkətləri ilə sıx təmasda olmalarını, öz sahələri üzrə nümunəvi işləri örnək tutmalarını, bir-biri ilə qarşılıqlı əlaqə və əməkdaşlıq qurmalarını təmin edir. Elə bunun sayəsindədir ki, IED-in təhsil ocaqları sadəcə zamanla ayaqlaşmaqdan əlavə, trend meyllərini izləyərək çox vaxt hətta zamanı qabaqlaya da bilirlər. IED elə bir yeniliklər qovşağıdır ki, müxtəlif təcrübəyə malik peşəkarlar müxtəlif sahələrin kəsişməsinə töhfə vermək və həmin qarşılıqlı kəsişmə əsnasında yaranan münbit şəraitdən bəhrələnmək məqsədilə burada birləşirlər. IED həqiqətən unikal bir şəbəkə formalaşdıran görüşlər, təcrübələr, insanlar və mədəniyyətləri bir araya gətirir. Bunun nəticəsi isə mükəmməllik olur.

www.ied.edu

Bəyən və paylaş

Rəylər

rəy(lər)