Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni təyinat

Yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim etdi.

Mərasimində çıxış edən Ədalət Vəliyev ölkəmizdə teatr sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində teatr binaları təmir olunur, yeni avadanlıqlarla təmin edilir. Həmçinin qeyd etdi ki, dövlət başçısı 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə  “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı, 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nı təsdiq etdi. Bildirdi ki, bu sərəncamlar və dövlət proqramı Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə təkan verdi.

Sonda Ədalət Vəliyev Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibəti ilə teatrın kollektivini təbrik edərək, 2016-cı ildə də yeni-yeni yaradıcılıq uğurları arzu etdi.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.

Bir cavab yazın

Back to top button