24 Dekabr 14:27

Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat davam edir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün, oktyabrın 27-də qeydiyyat prosesinə start verib.

Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2018 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq fürsətinə və eyni zamanda ölkədə keçirilən Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, sadəcə Azərbaycanda deyil, Formula 1 Qran Prisi yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.

BŞH-ın İdman Əməliyyatları şöbəsinin və Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev Marşal Proqramına qoşulmaq istəyənləri tezliklə qeydiyyatdan keçməyə çağırır: “Biz öncəki mövsüm mükəmməl bir yarışa uğurla ev sahibliyi etdik. Marşallarımız öz məsuliyyət və bacarıqları ilə yarışın yüksək səviyyədə təşkilinə ən böyük töhvələrini verdilər”.

“Yarışdan sonra bizə minlərlə müraciət daxil oldu və hamı marşal kimi növbəti mövsümü səbrsizliklə gözlədiyini bildirdi. Biz çoxsaylı müraciətləri nəzərə alaraq, bu mövsüm üçün marşalların seçim kampaniyasına start verdik. Bizə qoşulmaq istəyənlər gecikmədən Marşal Proqramına Müraciət Sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər”, — Ç. Mehdiyev bildirib.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)