28 Mart 08:33

Azərbaycanın turizm imkanları Moskvada “MİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunmuşdur

2016-cı ilin 23-26 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri hesab edilən “MITT 2016” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi milli stendlə təmsil olunmuşdur. Sərgidə Nazirliyin Turizm şöbəsinin regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva iştirak etmişdir.

Nazirliklə yanaşı, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour a Vent” şirkəti, Şahdağ Turizm Mərkəzi, Azərbaycan Hava Yolları, “AITF” sərgisinin, cari ilin 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi” nin Təşkilat Komitəsindən və 20-yə yaxın yerli turizm şirkətlərindən (Globus travel, Geo travel, Gilan Tourism, Green Apple, The Tour, Az Terra, Millennium travel, Delta travel, Turizm.az, Victory Tour) nümayəndələr sərgidə təmsil olunmuşdur.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 70 kv. m-lik stend hazırlanmış və sərgiyə gələn qonaqlara təqdim olunması üçün rus və ingilis dillərində müxtəlif reklam çap məhsulları ilə birgə təqdim edilmişdir.

Sərgi zamanı əsas turizm nəşriyyat qurumlarından olan “National Geographic Russia”, “Discovery” və o cümlədən “Вояж” ilə işgüzar görüşlər keçirilmişdir. Bundan əlavə, “Россия24” telekanalında ölkəmizə məxsus olan stenddə nümayiş edilən turizm imkanları barədə geniş məlumatın təqdim edilməsi məqsədilə müsahibə verilmişdir.

23 mart 2016-ci il tarixində “Mitt 2016” sərgisi çərçivəsində işgüzar əlaqələri genişləndirmək məqsədilə Azərbaycan Turizm Assosiasiyası və Tümen regional Turizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Məlumat üçün qeyd edək ki, 1994-cü ildən keçirilən və dünyanın ən böyük turizm və səyahət sərgilərindən hesab olunan “MITT 2016”-da cari ildə dünyanın 200-dək ölkəsindən 2500-dən artıq turizm şirkəti iştirak etmişdir.

Bəyən və paylaş