21 Sentyabr 14:36

“Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans keçirilib

Edumap.az xəbər verir ki, Sentyabrın 21-də AMEA-nın İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda olub. Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Bildirib ki, 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması isə hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərini müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan akademik A.Əlizadə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən görüşlərin əməkdaşlıq üçün zəngin töhfələr verdiyini bildirib.

Akademik Çinə səfəri zamanı İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirdiyini deyib. Qarşılıqlı elmi əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Sonra çıxış edən ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər – bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.

ÇİEA-nın prezidenti qeyd edib ki, rəhbərlik etdiyi qurum 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, görüşlər keçiriblər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il martın 9-da Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləyib və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək qiymətləndirib.

V.Veyquan bugünkü konfransın Azərbaycan-Çin elmi əməkdaşlığının əsasını yaradan platforma olacağını vurğulayıb.

Daha sonra Çinin Azərbaycandakı səfiri Vey Cinhua çıxış edərək Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən konfransların, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan – Çin münasibətləri: müasir baxış və perspektivlər”, ÇİEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanxunun “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında”, ÇİEA İqtisadiyyat İnstitutunun Makroiqtisadi tədqiqatlar şəbəsinin müdiri Çan Sinin “13-cü beşillik plan dövründə Çinin əsas iqtisadi və sosial inkişaf trendləri” mövzularda məruzələri dinlənilib. Məruzələrdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olunub.

Bəyən və paylaş