Azərbaycan “İKT-də Qızlar”ın 10 illiyini qeyd edir

Azərbaycan “İKT-də Qızlar”ın 10 illiyini qeyd edir

22 aprel tarixində “Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası – FEMMES DIGITALES” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, B.EST Solutions və BLOOM GROUP ilə birgə “İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyinə həsr olunan onlayn konfrans təşkil edir.

Konfrans, 8 aprel 2011-ci il tarixində Beynəlxalq Elektroəlaqələr İttifaqı (İTU) tərəfindən əsası qoyulan və hər il aprel ayının sonuncu həftəsinin dördüncü günündə keçirilən “İKT-də Qızlar” Beynəlxalq Günü çərçivəsində baş tutacaqdır. Konfransın əsas məqsədi qızlar və qadınları İT sahəsilə bağlı təhsil, iş və peşə seçməyə, eləcə də İT sahəsində karyeralarını inkişaf etdirməyə ilhamlandırmaqdan ibarətdir.

2011-ci ildən etibarən dünyanın 171 ölkəsindən 377 000 qız və gənc qadın 11 400-dən çox İKT-də Qızlar Beynəlxalq Günündə iştirak etmişdir. Azərbaycan, Estoniya və İngiltərədən olan və İT ilə bağlı müxtəlif sahələrdə uğur qazanmış 8 peşəkar xanım bu sahədəki müvəffəqiyyətləri ilə bölüşəcəklər.

Konfransda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru cənab Vüsal Qasımlı çıxış edəcəkdir. Bundan əlavə əsas spikerlər kimi Testlio startapının qurucusu, Estoniyanın ən gənc qadın milyoneri, “İlin Qadını” və “İlin Gənc Sahibkarı” mükafatları laureatı xanım Kristel Kruustük; London Kollec Universitetində Nanotəbabət sahəsində tədqiqatçı doktorant, eləcə də İngiltərədə Azərbaycan Elmləri Assosiasiyasının (ASA) həmtəsisçisi xanım Mədinə Quliyeva da nitq söyləyəcəkdir.

“Femmes Digitales” Assosiasiyasının təsisçiləri və üzvləri olan – xanım Jana Krimpe – e-hökumət sahəsində ekspert, B.EST Solutions şirkətinin təsisçisi və direktoru; xanım Xavər Babazadə – Azercell Telecom şirkətinin texniki direktoru; xanım Turanə Qasımova – Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini; xanım Günay Kazımzadə – süni intellekt sahəsində mükafat qazanan tədqiqatçı doktorant, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor məsləhətçisi; xanım Şəhla Məmmədova – Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bankda rəqəmsal transformasiya sahəsində ekspert; xanım Şəbnəm Məmmədova – ASAN yanında İnnovasiyalar Mərkəzində Layihələrlə iş departamentinin müdiri və xanım Raya Əliyarzadə – Azərbaycan Respublikasının Əməkdar müəllimi və Bakı Avropa Liseyində İKT üzrə direktor müavini İnformasiya Texnologiyaları sahəsində liderlərə həsr olunmuş diskussiya panelində iştirak edəcək, həmçinin bu sahənin problemləri və perspektivlərini müzakirə edəcəklər.

Tədbirin keçirilməsində əsas məqsəd çoxlu sayda qız və qadınların Elm, Texnologiya, Mühəndislik, Incəsənət və Riyaziyyat (STEAM) sahəsində məlumatlılığının artırılması, təcrübə mübadiləsi, onların aktiv karyera axtarışının genişləndirilməsi, həmçinin İT sahəsində mövcud olan gender bərabərsizliyini aradan qaldıraraq, Azərbaycan cəmiyyətinin əməkdaşlıq yolu ilə partnyorluğa cəlb olunmasından ibarətdir.

 

Qeydiyyat üçün link: https://bit.ly/32rPvMC

Bir cavab yazın

Back to top button