Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının müraciəti

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının müraciəti
İyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan
sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki
həmvətənlərimiz, xüsusən gənclər tərəfindən keçirilən aksiyalar zamanı dinc
nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən ifrat aqressivlik nümayiş
etdirildiyi və təxribatçı əməllərin həyata keçirildiyi müşahidə edilir.
Erməni tərəfinin psixoloji və fiziki zorakılığa əl atdığı belə insidentlər Fransa, Böyük
Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada baş vermişdir. Erməni
təxribatçılar Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də öz
fikirlərini dinc yolla ifadə edən azərbaycanlı nümayişçilərə qarşı vandalizm və terror
elementlərini ehtiva edən əməllərə yol verərək, soydaşlarımıza xəsarət yetirmək
məqsədi güdən və cinayət məsuliyyəti doğuran təxribatlar törətmişlər.
Xarici ölkələrdə yaşayan və təhsil alan yüz minlərlə Azərbaycanlının bu hadisələrlə
əlaqədar keçirdiyi hiss və həyacanı dərindən başa düşərək və bölüşərək, ölkənin bir çox
aparıcı gənclər təşkilatlarını və on minlərlə gənci ətrafında birləşdirən Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq, radikal erməni ünsürlərinin
Azərbaycanlı soydaşlarımıza qarşı yönələn, nifrətə əsaslanan cinayət əməllərini
qətiyyətlə pisləyirik!
Bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam
məsuliyyətlə yanaşmalarını gözləyir, vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq
orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirik!
Bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq bizim hamımızın Azərbaycanlı
olaraq üzərimizə düşən əsas vəzifə isə belə həssas məqamda sayıqlıq, soyuqqanlılıq,
həmrəylik nümayiş etdirmək, bütün potensialımızı səfərbər edərək dinc yollarla,
təmkinlə ermənilərin iç üzünü bütün dünyada ifşa etmək, bizə qarşı törədilmiş
təxribatlara yalnız və yalnız hüquqi müstəvidə, qanunvericilik çərçivəsində cavab
verilməsinə nail olmaqdan ibarətdir.
Hamımız yaxşı anlayırıq ki, bu təxribatların əsas məqsədi onlara eyni tərzdə cavab
verilməsinə nail olmaqla yaşadıqları ölkədə Azərbaycan diasporunun imicinə xələl
gətirmək, son günlərdə onun nümayiş etdirdiyi möhtəşəm birliyin, həmrəyliyin
beynəlxalq ictimaiyyət üzərində yaratdığı təsiri azaltmaq, haqlı olduğumuz halda bizi
onların gözündə haqsız duruma salmaqdır.
Əminliyimizi ifadə etmək istərdik ki, xarici ölkələrdə yaşayan soydaşlarımız bu məsələdə
də birlik və həmrəylik nümayiş etdirəcək, dövlətimizin və dövlət başçımızın
Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsinə yönəlmiş fəaliyyətinə
öz dəstəklərini əsirgəməyəcək, ermənilərin mənfur siyasətinin bütün istiqamətlərdə
iflasa uğramasına nail olacaqlar!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz
müraciətində bəyan etdiyi kimi: “Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi
haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz
var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.
Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”

Bir cavab yazın

Back to top button