10 İyun 12:08

Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək

14 iyun-28 iyun 2019-cu il tarixlərində “Baku Crystall Hall” da Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgi cari il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir.

Bu tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı orta və gənc nəsil, həmçinin regionlarda yaşayan isdedadlı rəssamlarının iştirakı və onların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə  bərabər romantik əsərlər, Azərbaycan folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret silsilələri öz əksini tapacaqdır.

Sərginin açılışı 14 iyun saat 19:00-da “Baku Crystall Hall” Mətbuat Mərkəzində baş tutacaq.

Sərgiyə giriş sərbəstdir. Mətbuat nümayəndələri dəvətlidir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)