22 Dekabr 16:00

Azərbaycan Xalça Muzeyində “Ailə günü” təşkil olunacaq

23-24 dekabr tarixlərində Azərbaycan Xalça Muzeyində “Ailə günü” keçiriləcək.

Edumap.az xəbər verir ki, ənənəvi təşkil olunan “Ailə günü” bu dəfə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsinə təsadüf etdiyindən xüsusi Yeni il ab-havası ilə dolğun, əyləncəli təşkil olunacaq.

“Uşaq muzeyi” şöbəsi muzeyi ziyarət edən uşaqlar üçün xüsusi proqram da tərtib edib. İki gün ərzində “Öyrən və əylən” rubrikasında iştirakçılar “Trio tədris, incəsənət və idman” mərkəzinin təşkil etdiyi xalçalar haqqında mühazirəni dinləyib, daha sonra öyrəndikləri xalçaların ustad dərsini keçəcək, Bakı şəhər məktəblilərinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə  “Sən istedadsan” müsabiqəsinin final mərhələsi təşkil olunacaq, “Öz zövqün ilə bəzə”,  “Yeni il açıqcası hazırla” adlı maraqlı əyləncəli proqramlara qatıla biləcəklər.

Muzeydə “Xəzinənin yeni inciləri” adlı tematik ekskursiya təşkil olunacaq.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2№ – li Uşaq, Gənclər  inkişaf mərkəzinin “Yeni il proqramı” təqdim olunacaq.

Bununla yanaşı, bir sıra digər müxtəlif oyunlar, maraqlı görüşlər, ustad dərsləri təşkil olunacaq. “Şam ağacı” oyunu, Face-Art”, “Yeni il açıqcası”,  “Yeni il saç bəzəkləri”nin hazırlanması, “Qar adamı”nın düzəldilməsi, boşqab üzərində “Yeni il atributları”nın çəkilməsi həm böyüklərin zövqünü oxşayacaq, həm də uşaqların ürəyincə olacaq. Ustad dərslərində “Aplikasiya əl işləri”nin hazırlanması nümayiş olunacaq, “Ebru sənəti” haqqında bilgilər veriləcək, iştirakçılar ebrunun hazırlanma qaydası və texnikası ilə yaxından tanış olacaqlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)