28 Sentyabr 11:36

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi keçiriləcək

E L A N

Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi “Təhsilə dəstək proqramı” çərçivəsində həyata keçirilir.

Hazırda, növbəti mərhələdə layihə aşağıda qeyd olunmuş 5 elektron kurs üzrə kurikulum hazırlayan və mentorlar vəzifəsinə namizəd (hər kurs/sahə üzrə 2 nəfər, cəmi 10 nəfər) üçün elan verir.

1. Tədqiqat metodologiyası, təcrübələr və layihələr
2. Verilənlərin təhlili, emalı və idarə edilməsi (Data mining, collection, processing, and management)
3. Elmi işlərin yazılması və nəşri
4. Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiya
5. Sahibkarlıq, start-up və spin-off

Tələblər:

• Kurikulum hazırlayacaq namizədlər və mentorlardan kurikulumun hazırlanması və yuxarıda qeyd edilən mövzular üzrə universitetdə dərs demək təcrübəsi tələb olunur.
• E-öyrənmə və doktorantura təhsili sahəsində təcrübəsi olanlara üstünlük verilir.

Uğurlu namizədlər seçilmiş sahə üzrə e-öyrənmə sahəsindən olan beynəlxalq mütəxəssislər ilə əməkdaşlıq edərək onlara Azərbaycandakı vəziyyət və yerli doktorantura təhsilinə dair təcrübələr haqqında məlumat verəcəkdir.

Bundan əlavə, bütün mentorlar və təlimçilərə layihə qrupunun üzvləri və beynəlxalq mütəxəssislər tərəfindən təlim keçiriləcəkdir.
Təlimlər əsasında seçilmiş namizədlər doktorantura tələbələri və universitetlərdən kənarda innovasiya sahəsi ilə məşğul olan şəxslərə pilot təlimlər keçəçəkdir. Yekun olaraq onlar Avropa İttifaqının qabaqcıl e-öyrənmə mərkəzlərindən birinə təşkil ediləcək və tam olaraq layihə tərəfindən maliyyələşdiriləcək təlim səfərində iştirak edəcəklər.

Bu sahə ilə maraqlanırsınızsa sizə aid olan mövzunu və əlaqə vasitələrini qeyd edərək 30 sentyabr 2019-cu il tarixinə qədər Nüşabə Məmmədli ( [email protected] ) ilə əlaqə saxlaya bilərsiniz.

Zəhmət olmasa kurikulumun hazırlanması və təlim (yaxşı olar ki, mövzulara aid sahə üzrə), doktorantura təhsili prosesilə bağlı son təcrübəniz və biliklərinizin qeyd edildiyi qısa tərcümeyi halınızı əlavə edin.

Seçim prosesi tərcümeyi-halda təqdim olunan təcrübə və nailiyyətlərin ciddi təhlili əsasında və layihə komandası və benefisiarın nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)