24 Sentyabr 00:12

Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26-30 sentyabr 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcəkdir.

Sərginin açılışı 2017-ci il sentyabr ayının 26-da, saat 18:30-da təşkil olunacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş etdiriləcəkdir.

Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. O, 1957-ci ildə oxuduğu institut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.

Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsuz kompozisiya, kolorit ilə fərqlənən əsərlər yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.

Görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s portretlərin muəllifidir. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra ”Bakıda qar”, ”Qaş-Qaş”, ”Xəzər dənizi” adlı mənzərə janrında əsərlər işləmişdir. O, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və s. əsərlər işləmişdir.Asəf Cəfərovun “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərini tarixi janrda işləmişdir.

Rəssam yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s) tablolar işləmişdir. O, bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuş, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”ndə (1980) “Qran Pri” mükafatını qazanmışdır.

Asəf Cəfərov 2000-ci ildə vəfat etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)