29 Aprel 21:36

Azərbaycanlı gənclər üçün “kospley” müsabiqəsi başlayır

Gənclər və İdman Nazirliyi aprelin 27-dən yeni layihəyə start verib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə gənclərin diqqət və marağını dünya incəsənəti sahəsinə yönəltməklə bərabər, eyni zamanda, onların özlərinin yaradıcılıq potensialını inkişaf etdirmələri üçün də gözəl imkan olacaq.

Yeni və bütövlüklə onlayn baş tutacaq layihənin digər bir üstünlüyü ondadır ki, indiki karantin dövründə gənclər digər ailə üzvlərini də bu fəaliyyətə cəlb edə və ya onların dəstəyindən istifadə edə bilərlər.

Onlayn müsabiqə gənclər arasında son zamanlar dəbdə olan “kospley” yaradıcılığına əsaslanır. Amma bu layihə daha böyük yaradıcılıq və “ixtiraçılıq” tələb edir. Məhz buna görə, məşhur rəsmləri canlandıracaq “Bənzət, baxım!” layihəsinin şüarı “Yarat, öyrən, qazan!”dır.

Müsabiqə mayın 12-dək davam edəcək.

Bu müddətdə:

– artcis.az saytında təşkilatçılar tərəfindən seçilmiş 10 rəsm əsərindən istənilən birini seçərək bənzəri yaradılmalı;

– bunun fotoşəkli çəkilməli;

– çəkilmiş fotoşəkil anket forması ilə birgə mayın 12-dək [email protected] ünvanına göndərməlidir.

Bütün şəkillər saytda, eyniadlı “Facebook” və “Instagram”da yerləşdiriləcək.

Qaliblər mayın 15-də elan ediləcək. Qalibləri mükafat gözləyir.

Artcis.az saytında sizə kömək məqsədilə indiyədək “canlandırılmış rəsm” əsərlərinin uğurlu nümunələri yerləşdirilib.

Qeyd etmək vacibdir ki, müsabiqə iştirakçısı:

– öz sənətini karantin rejiminə riayət etməklə yaratmalıdır (ev şəraitində);

– öz istəyinə görə təşkilatçıların təklif etdiyi rəsmdən başqa bir rəsmi canlandıra bilər. Bu halda əsərin və əsər müəllifinin tam və düzgün adı göstərilməlidir.

Ətraflı məlumatı artcis.az saytından əldə edə bilərsiniz.

Bəyən və paylaş