Azərbaycanlılar niyə növbədə gözləyir?

Azərbaycanlılar niyə növbədə gözləyir?

Texnologiyanın və informasiya sistemlərinin qarşısıalınmaz dərəcədə böyük bir sürətlə inkişaf etdiyi bu dövrdə Dövlət Xidmətlərinin də elektronlaşdırılması labüd məsələ halına gəlib. Xidmətlərdən ənənəvi şəkildə istifadəyə öyrəşmiş əhali təbəqəsini (bu, xüsusilə 40 və daha yuxarı yaş qrupuna aid olan seqmenti əhatə edir) öz vərdişlərini dəyişməyə sövq etmək çox çətin və vaxtaparan prosesdir. Əvvəlcə, insanları maarifləndirmək lazımdır ki, xidmətlərdən elektron qaydada istifadə etmək ənənəvi qaydadan nəyə görə daha yaxşıdır. Daha aydın şəkildə desək, elektronlaşmanın müsbət tərəflərini insanlara əyani şəkildə göstərmək lazımdır.

  1. Xidmətlərdən elektron qaydada istifadə etmək vaxt itkisinin qarşısını alır. İnsanlar hər hansı bir məsafə qət etmədən öz telefonları və ya kompüterlərindən təqdim edilən xidmətlərdən rahatca istifadə edə bilərlər.
  2. Əlavə xərclərin yaranmasının qarşısını alır.
  3. Elektron xidmətlərdə proseslər zamanı şəffaflıq daha da ön plana çıxır. Məlumatlar itmir, vətəndaşların məlumatlarının hər hansı bir şəkildə dəyişdirilməsi mümkünsüzləşir. Bu, həm də məlumatların təhlükəsizliyi məsələsini ön plana çıxarır.
  4. Adaptasiya – Qloballaşan dünyada texnologiyadan istifadənin gündəlik vərdişə çevrilməsi, xidmətlərin elektronlaşması məsələsi artdıqca əhalinin də buna uyğunlaşması həyati dərəcədə önəmlidir. Kağız daşıyıcılardan imtina edilməsi “Bulud” xidmətlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Əsasən orta və yaşlı nəsil üçün problemli olacağını güman etdiyim bu prosesdə insanların məlumatlandırılması həlledici amildir.
  5. Müəyyən məhdudiyyətli şəxslər üçün hökumət xidmətlərinin əlçatanlığının təmin edilməsini asanlaşdırır.

Digər ölkələrdə olduğu kimi, ölkənin tərəqqisi urban ərazilərdən başlanır və bölgələrə doğru yayılır. Azərbaycanda da bu tendensiya özünü qabarıq şəkildə göstərir. Əhalinin qeyri-bərabər paylanması və ifrat  urbanizasiyanın sadəcə Bakı-Abşeron regionuna düşməsi bu məsələni  gündəmə gətirir. Həm nağdısz ödənişlər məsələsi, həm elektron xidmətlərdən istifadəsinə görə regionlar paytaxtdan xeyli geri qalır.

Əhalinin elektron xidmətlərdən istifadəsinin təmin edilməsi məsələsini vurğulamazdan öncə bu proses üçün lazımi fundamentin qurulması daha vacibdir.  Bunun üçün:

1) Ölkənin regionlarında fasiləsiz və yüksəksürətli fiber-optik internetin təminatı;

2) Regionlarda ictimai nəqliyyat ödənişlərinin nağdsızlaşdırılması (bu həm də kartdan istifadə mədəniyyətini bir vərdiş halına gətirir);

3) Ödəmə terminallarının sayının çoxaldılması (burada “təklif varsa, tələb də təklifə tərəf yönəlir” prinsipi aktivləşir);

4) İcbari və məcburedici tədbirlərin (kağız daşıyıcılardan mərhələli şəkildə imtina edilməsi insanları elektronlaşmağa məcbur edə bilər) və s. kimi nüanslara diqqət ayırmaq lazımdır.

Bankomatların qarşısında, idarələrdə, ASAN Xidmət mərkəzlərində, banklarda və digər məkanlarda böyük sıralarla düzülən insanları gördükdə məsələnin hələ də aktual olduğunu anlamaq o qədər də çətin gəlmir. İnsanlar kommunal xərcləri ödəmək və ərzaq almaq üçün əvvəlcə bankomatlardan öz hesablarında olan məbləği nağdlaşdırır, daha sonra həmin pulu ödəmə terminalına daxil edir və ya market kassasına ödəyir. Bunun birbaşa ödənilməsindən bir çox insan xəbərsiz olmaqla yanaşı, onlarda bu vərdişin formalaşmaması da başlıca faktorlardan biridir. Bu məsələ ilə bağlı bir neçə həll yolu ideyalarına nəzər salaq:

– Əhalinin elektronlaşması üçün fundamental, möhkəm baza yaratdıqdan sonra təbliğat və təşviqat işlərinin aparılması üçün kütləvi informasiya vasitələri və xüsusən də sosial mediada elektron xidmətlərdən istifadə ilə bağlı təlimatların çoxalması prosesi geniş vüsət almalıdır.

– Təkcə dövlət qurumları və onların rəsmi səhifələri deyil, influnser kimi qiymətləndirilən şəxslər də (bu həm sosial mediada, həm də televiziya və radioda kifayət qədər kütləyə xitab edən şəxsləri özündə cəmləşdirir) prosesə cəlb edilməlidir;

Regional televiziya kanalları prosesin tərkib hissəsinə çevrilməlidir. Bölgələrdə yaşayan vətəndaşlar (xüsusən yaşlı nəsil) regional televiziya kanallarını daha çox izləyir;

– Vaxtaşırı olaraq hökumət qurumlarının regionlardakı qulluqçularının texnoloji biliklərinin artırılması üçün seminarlar və layihələrin keçirilməsi;

– Dövlətin üzərinə düşən məcburedici tədbirlər. Sistemlərin elektronlaşması prosesi getdikcə artdıqca insanların özləri də buna meyilli olmağa başlayacaqlar. Təsəvvür edin ki, hər hansı bir qurum sizdən adınıza olan əmlakla bağlı sənədin kağız yox, elektron versiyasını tələb etsə, siz də həmin sənədi onlayn olaraq almağa “məcbur” olacaqsınız. Məhz bu məsələdə dövlətin rolu danılmazdır;

– Könüllü qrupların yaradılması. Bölgələrdə olan ictimai fəal qrupların, Gənclər İdarələrinin fəaliyyətlərinin günü-gündən artdığını nəzərə alsaq, könüllülük prinsipi əsasında gənclərdən və yeniyetmələrdən ibarət qrupların yaradılması və onların əhalinin elektron xidmətlərə uyğunlaşmasına kömək etmələrini təmin etmək asan məsələdir;

– Mükafat sisteminin yaradılması. Fiziki daşıyıcılardan istifadə etmə imkanı olduğu halda elektron hökumət portalından istifadə edən və sorğular göndərən şəxslərin hansısa bir formada mükafatlandırılması, sorğunun sayından asılı olaraq onlara müəyyən xalların verilməsi kimi kampaniyalar aparıla bilər. Amma bu kampaniyalar təbii ki, bütün sistemlərin bir-biri ilə koordinasiyası tam təmin edildikdən sonra yaradıla bilər.

Tural Əzimzadə

Teleqraf Media Holdinq (Axar.az/en)

Bir cavab yazın

Back to top button