21 Fevral 23:23

Babi Bədəlov / “ZARAtustra” sərgisi

YARAT Müasir İncəsənət Mərkəzi, sizi vizual rəssam və şair Babi Bədəlovun 2 mart – 16 iyun tarixlərində keçiriləcək fərdi sərgisinə dəvət edir. Azərbaycanda doğulmuş və 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender və seksuallığın ifadəsi ilə bağlı problemləri araşdırır. YARAT Mərkəzində rəssam özünün bütün mövcud olan və məhz bu sərgi üçün yenicə yaratmış parça əsərlərindən ibarət möhtəşəm instalyasiyasını təqdim edir. Ekspozisiya Azərbaycanın mədəni irsin inkişaf edən kapitalizm quruluşunun müasir ab-havası arasında ziddiyyətlərinə dair baxışları təklif edir.

Ömrünün uzun hissəsini müxtəlif ölkələr və mədəniyyətlərdə keçirən Babi Bədəlov öz yaradıcılığında, xüsusi olaraq gender və seksuallıq problemlərinə rəğmən, öz şəxsi izolyasiya təcrübəsinə əsaslanır və eyni zamanda daha geniş geosiyasi problemləri vurğulayır.

Avtomatik yazı üsulundan istifadə etməklə, sənətkar mətn üzərində qurulan əhəmiyyətli və orqanik vəhdət yaradan əsərlərində, onların fərqli vizual poeziyasını qurmaq, müdrik detallarla zəngin şüarlar və sosial-siyasi mənalarla yüklənmiş söz oyunlarını formalaşdırmaq məqsədilə, çoxsaylı dillərdən istifadə edir. Sərginin adı, “ZARAtustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan, dünya səviyyəli məşhur ticarət nişanı “ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi, qədim İran peyğəmbəri Zərdüştün (həmçinin “Zaratuştra” kimi də istinad edilir) adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir. Beləliklə, əsərin həm adı, həm də özü müasir və ənənəvi strukturlar arasında “oynayır”, dil və digər məsələləri araşdırır.

Rəssam tez-tez öz yaradıcılığında media qismində parçalardan istifadə edir və YARAT Mərkəzində quraşdırılmış instalyasiya, qalereyanın tavanından cərgələrlə asılmış, təxminən 250 ədəd parçadan ibarətdir. İnstalyasiyada köhnə mələfələr, pərdə hissələri və ordan-burdan tapılmış materiallardan istifadə edilib və hər bir parçada, sənətkarın poetik yazıları əks olunub. Sənaye zavodunun istehsal xəttində iş prosesini xatırladan bu immersiv instalyasiya, tamaşaçının diqqətini sürətli modanın və kütləvi istehsalın müasir mənzərəsinə yönəldir və eyni zamanda, bizim nisbətən daha ənənəvi və tarixi kökləri olan obrazları ilə əlaqəli məsələləri ön plana çəkir. İnstalyasiyanın divarüstü komponentləri tekstil əsərlərdən kənaraçıxma sayılsa da, buna baxmayaraq, onlar da hekayə formasına malikdir və insanları, habelə onların yaşayış mühitini əks etdirir. Qalereyanın divarları boyunca əllə yazılmış şüar və yazılardan ibarət olan bu komponentlər, eyni zamanda geosiyasi sərhədlərin fiziki təsviri, eləcə də dilin özünün sərhədlərinin metaforası kimi görünür. Bu əsər, rəssamın bu yaxınlarda beynəlxalq səviyyədə bir sıra sərgilər üçün ərsəyə gətirdiyi silsilə əsərlərin ən sonuncusudur.

Sərginin kuratorları: Suad Qarayeva-Maleki, Anna Fech

Babi Bədəlov (d.1959, Lerik, Azərbaycan) Parisdə yaşayır və fəaliyyət göstərir. Rəssamın əsərləri bir çox beynəlxalq muzey və qalereyalarda keçirilən sərgilərdə nümayiş etdirilib, o cümlədən: Quand la Litterature Sort du Livre, Festival Extra, Pompidu Mərkəzi, Paris (2018); Je Suis Mazimir Kalevich, Novıy Muzey, Sankt-Peterburq (2018); Refugee Politic Refugee Poetic, İmmiqrasiya Muzeyi, Paris (2017); Partisanism, Tensta Konsthall, Stokholm (2016); For the Wall For the World, Palais de Tokyo, Paris (2016); FUCK GOLF, Kunstraum, Munich (2015) və MIGRANT POETRY, La Station Müasir İncəsənət Mərkəzi, Nitsa (2015). Babi Bədəlov həmçinin dünyanın bir sıra ölkələrində keçirilən biennale və art festivallarında da iştirak edib: 5-ci Ren Biennalesi (2016), 11-ci Kvanju Biennalesi (2016), 6-cı Moskva Biennalesi (2015), 15-ci Cakarta Biennalesi (2013) və “Manifesta 8” (2010).

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Giriş sərbəstdir

Media və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova
Telefon: +99 450 274 67 44
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)