Bakı Musiqi Akademiyası “Nizami Romans” respublika müsabiqə-festivalı elan edib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Romans” respublika müsabiqə-festivalı elan edib.

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, müsabiqə yaradıcı, istedadlı bəstəkarların müəyyən edilməsinə, Nizami Gəncəvinin sözlərinə yeni əsərlərin yazılması ilə Nizami irsinin müasir gənc bəstəkarların yaradıcılığında təzahürünə, onların gələcək fəaliyyətlərinin peşə inkişafına və dəstəklənməsinə, yeni musiqi dili və onun inkişaf yollarının axtarılmasına xidmət edir. Müsabiqə 1 seçim turu (16 iyun 2021-ci il) və final, konsert-mükafatlandırma mərhələsindən (18 iyun 2021-ci il) ibarətdir.

“Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunacaqdır. Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr ediləcəkdir.

Müsabiqəyə 18-35 yaşarası akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatıla bilərlər. Bəstəkarlıq təhsili vacib və əsas şərtdir. Təqdim olunan əsərlər heç bir layihədə səslənməməli, müsabiqə üçün xüsusi yazılmalıdır və mayın 14-dək [email protected] elektron ünvanına PDF formatında göndərilməlidir. Təqdim olunan elektron ünvana həmçinin bəstəkarın tərcümeyi-halı da göndərilməlidir.

Qaliblər pul mükafatı və diplomla təltif olunacaqlar. Müsabiqə laureatlarının müəllimlərinə də diplom veriləcəkdir.

Müsabiqə ilə bağlı daha ətraflı məlumat bu linkdən –www.musicacademy.edu əldə etmək olar.

Bir cavab yazın

Back to top button