15 Sentyabr 15:36

Bakının azad olunmasının 100-cü ildönümü münasibətilə – AÇIQLAMA

Osmanlı dövlətinin hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış, Şərq Orduları Qrupuna daxil olan və Nuri Paşanın rəhbərlik etmiş olduğu Qafqaz İslam Ordusunun 15 sentyabr 1918-ci il tarixində Bakı şəhərini erməni daşnak- bolşevik qüvvələrindən azad etməsinin 100-cü ildönümüdür. Çanaqqala, Balkan müharibələrində qardaş Anadolu türklərinin zülm və istibdad fəryadına Azərbaycandakı qardaşları necə biganə qalmayaraq, əllərində silah yardıma qoşdularsa, Anadolunun dörd bir yanından da o cür bu çağırışa hay verdilər. Məhz Nuri Paşanın, onun rəhbərliyi ilə səfərbər olmuş və hər iki qardaş xalqın birliyinin təcəssümü olan bu ordunun qəhrəmanlığı sayəsində Azərbaycan tarixinə qızıl hərflərlə bir qurtuluş dastanı yazıldı. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası işğaldan azad edilmiş Bakı şəhərinə köçdü, yeni yaranmış Cümhuriyyət öz istiqlal və hürriyyət mücadiləsində parlaq səhifə açdı. Sovet dönəmində belə ideoloji təbliğatlara rəğmən bu birlik insanların qəlbindən, xalqımızın yaddaşından silinmədi. Təsadüfi deyil ki, 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan Respublikasını ilk tanıyan və ona dəstək olan da Türkiyə Cümhuriyyəti oldu. Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyiminə uyğun olaraq Qarabağ savaşında, diplomatik sahədə, o cümlədən siyasi, iqtisadi, elmi, təhsil, ictimai, mədəni, hərbi və s. sahələrdə qardaş Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycana dəstək oldu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə uyğun olaraq ölkəmiz, hər zaman Türkiyə Cümhuriyyəti üçün ciddi strateji partnyor oldu və qardaş ölkə ilə birlikdə bir çox transmilli layihələrə imza atdı və atmaqda davam edir. Məhz bu iki qardaş ölknin birliyi – Ümumtürk birliyinin nüvəsini təşkil edir və burada istər Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyevin və Türkiyənin cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyətləri və ardıcıl, məqsədyönlü siyasətləri xüsusilə vurğulanmalıdır. Biz – Azərbaycanın bir qrup ictimai təşkilatları Azərbaycan – Türkiyə birliyinin möhkəmlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir, onun daha da güclənməsi üçün əlimizdən gələni etdiyimizi və edəcəyimizi bildiririk. Bundan sonrakı çalışmalarımızda hər iki tərəfin dövlət qurumları və ictimai təşkilatları ilə bu birliyin daha da möhkəmlənməsi üçün fəaliyyətimizi gücləndirəcəyimizi bəyan edirik. 15 sentyabr Bakının işğaldan azad olunması münasibətilə dövlətlərimizi, xalqımızı və bütövlükdə türk dünyasını təbrik edirik.

 

“Gənclərin Töhfəsi” İctimai Birliyi,

“Müasir İnkişaf” İctimai Birliyi,

Gəncliyə Yardım Fondu

Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyi,

“Gənclərə qayğı” İctimai Birliyi,

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi

Dünya Gənc Türk Yazarlar Birliyi

Jurnalist Ekspert Mərkəzi

Azərbaycan Gənc Alim, Aspirant və Magistr Cəmiyyəti

“Xocalı Soyqırımını Tanıtma” İctmai Birliyi

Türk Dünyası İnfo İctimai Birliyi

Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi

Könüllülük Fəaliyyətinin Təbliği Gənclər İctimai Birliyi

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi

Bəyən və paylaş

Rəylər

rəy(lər)