16 Avqust 16:40

“Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Edumap.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun 80 illik (1936-2016-cı illər) yubileyinə həsr olunmuş Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edir.

Ölkədə bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan AMEA Botanika İnstitutunun 80 illik fəaliyyəti dövründə botaniklərimizin səyi nəticəsində floranın növ tərkibi müəyyən edilmiş, elm, Qafqaz və Azərbaycan florası üçün onlarla yeni cins və 1000-ə qədər növ tapılmış, respublikanın ayrı-ayrı botaniki-coğrafi rayonlarında çoxlu sayda növ və cinsin yeni yayılma əraziləri müəyyən edilmişdir.

Yubiley konfransının məqsədi respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək və müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanmasında innovativ botaniki tədqiqatlarının rolunu müəyyənləşdirməkdən ibarətdir. Konfrans geniş tədqiqatçı auditoriyası üçün nəzərdə tutulmuşdur və fitomüxtəliflik sahəsində müasir tədqiqatların nəticələrinin müzakirəsi və innovativ yanaşmalardan istifadə yolu ilə onların fundamental və tətbiqi istiqamətlərdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Konfrans zamanı quru və su ekosistemləri biotasının strukturu, funksiyası və təkamülü məsələləri nəzərdən keçiriləcəkdir. Bitki populyasiyaları, növləri, assosiasiyalarının və ekosistemlərin mühafizəsi probleminin həlli yolları yerli ərazilər və böyük regionların nümunəsində göstəriləcəkdir. Bioloji müxtəlifliyin molekulyar-genetik tədqiqat metodları ayrıca nəzərdən keçiriləcək, yerli və qlobal səviyyədə baş verən təbii və antropogen amillərin təsiri altında populyasiyaların dinamikası məsələləri araşdırılacaqdır. Eyni zamanda, konfransın həsr edildiyi elmi problemlər sırasına təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi daxildir.

Konfransda botanika elminin müxtəlif sahələri (sistematika, geobotanika, floristika, alqologiya, lixenologiya, briologiya, mikologiya, bitki fiziologiyası, botaniki ehtiyatşünaslıq, molekulyar biologiya, bioinformatika, gen mühəndisliyi, biotexnologiya, bitki aləminin mühafizəsi, introduksiya, botaniki təhsil) üzrə aparıcı alim və mütəxəssislərin məruzələri dinlənəcəkdir.

Konfransın açılışı Bakı şəhərində AMEA Alimlər Evində, seksiyalar üzrə iclaslar isə AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında və Mərkəzi Nəbatat Bağında 2-4 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

Konfransda məruzələrlə çıxış etmək arzusunda olan alimlərdən məruzələrinin mövzularını [email protected]any.science.azünvanına göndərmələrini xahiş edirik.

Konfransın materialları ayrıca kitab şəklində nəşr ediləcəkdir. Materialların tərtibat qaydaları ilə ikinci məlumat məktubunda tanış olmaq olar. Konfransın proqramına daxil ediləcək məruzələr təşkilat komitəsi tərəfindən seçiləcəkdir.

 

Konfransın mövzuları:

×  Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti

v  Taksonomik problemlərə yeni yanaşmalar

v  Sistematika və bitkilərin təkamülü

v  Biomüxtəliflik və ekosistemlər

v  Bitki ehtiyatlarının mühafizəsi

×  Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu

v  Biomüxtəlifliyin ex situ in situ saxlanılması

v  Botanika bağlarında botaniki kolleksiyaların təşkili

v  Urbanizasiya şəraitində bitkilərin introduksiyası

v  Botaniki elminin populyarlaşdırılması

×  Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər

v  Bitkilər və ətraf mühitın sağlamlığı

v  Bitkilərin biotik və abiotik stress faktorlara, azməhsuldar torpaq şəraitinə adaptasiyası

v  Bitkilərin qidalanması və ərzaq təhlükəsizliyi

v  İqlim dəyişiklikləri və bitki ehtiyatları

v  Göbələk-bitki qarşılıqlı əlaqələri

×  Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik

v  Fotosintez və ətraf mühitin stress amillərinin tənzimlənməsi

v  Bitki virus və fitoplazmalarının biomüxtəlifliyi

v  Bitki biotexnologiyasının son nailiyyətləri

v  Bioinformatika elminin bitki biomüxtəlifliyində tətbiqi

v  Molekulyar filogeniya və təkamül

Əlaqə:

 

Elnarə Orucova

AMEA Botanika İnstitutu

Badamdar yolu, 40, Bakı, AZ1004

Azərbaycan

Tel.:  +99412 5024394/+99412 4970994

Faks: +99412 4970994

E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)