Bizi bağlayan kəndirləri qıraq!

Bir nəfər səyyah Hindistana gedir. Orada insanların yaşayış tərzlərini müşahidə edir, adət-ənənələri öyrənməyə çalışır. Maraqlı bir hadisə ilə qarşılaşır.

Yerli sakinlərdən biri evinin tikintisində böyük bir fildən istifadə edirdi. Fil ev üçün lazım olan bütün ağır mal-materialları daşıyır, onları lazım olan yerə qaldırırdı.

İş başa çatdıqdan sonra hindli həmin fili ayağındakı nazik kəndirlə balaca bir ağaca bağladı:

– Filim bir az ərköyündür. Onu bağlamasam, qaçıb gedəcək.

– Siz yəqin zarafat edirsiniz. Bu nazik kəndir və balaca ağac güclü bir fili çətin saxlayar, – deyə səyyah təəccübləndi.

– Qətiyyən. Fil heç vaxt bu kəndiri qıra bilməz, – deyə filin sahibi cavab verdi.

– Bu yəqin fillər üçün xüsusi hazırlanmış kəndirdir.

– Xeyr, adi kəndirdir, – və o, məsələnin mahiyyətini izah etməyə başladı: – Fil balasını balaca olarkən kəndirlə bağlayırıq. Təbii ki, azadlığının əlindən alınması onun xoşuna gəlmir. Ona görə də o, var gücü ilə dartınır və kəndiri qırmağa çalışır. Balaca olduğundan gücü də azdır və fil balası kəndiri qıra bilmir. Beləliklə, onda belə bir fikir formalaşır ki, heç vaxt bu kəndiri qıra bilməz. Beləliklə o, vəziyyəti ilə barışır və hətta böyüyüb gücləndikdən sonra da heç vaxt kəndiri qırmağa cəhd göstərmir.

Bu məni ən çox düşündürən hekayətlərdən biridir. Filin hekayəsi hər birimizin həyatında yaşanır, amma başqa-başqa şəkillərdə.

Məsələn, uşaq vaxtı kimsə tərəfindən “qabiliyyətsiz”, “bacarıqsız” adlandırılan şəxs doğrudan da özünü belə hiss etməyə başlayır və sonralar da özündəki potensialı aşkara çıxara bilmir.

Hələ cəmi 3-4 yaşım vardı, kitabları dəhşətli dərəcədə çox sevirdim. Amma bir az introvert xarakterli uşaq idim. Məktəbə getdiyimdə düz 4-5 ay sinifdə ağzımı açıb danışmamışdım. Müəllimə məni qaldırırdı, cavab verə bilmirdim, o da: “Otur. Dərslərlə məşğul olmaq lazımdır, sən tənbəlsən” – deyirdi. Artıq mən tənbəl olduğuma inanmışdım.

Bir gün müəlliməmiz xəstələnmişdi. Onu başqa biri əvəz edirdi. Dərsə cavab vermək növbəsi mənə çatdı. Mən hər zamankı kimi “bilmirəm, mən tənbələm” – deyib canımı qurtarmaq istədim. Müəllimə isə: “Ola bilməz ki, bilmirsən. Tənbəl də deyilsən. Yəqin utanırsan. Gəl birlikdə danışaq” – dedi və saçımı sığalladı (o sıqalı hələ də hiss edirəm). Əlimdən tutub məni lövhəyə apardı. Bir azca mənə dəstək oldu və artıq məni saxlamaq mümkün olmadı. Dərsə mükəmməl cavab verdim. Müəllimənin bizi əvəz etdiyi o bir həftə ərzində əməlli-başlı potensialım aşkara çıxdı və mən məktəbimizin ən yaxşı oxuyan şagirdləri sırasında yer aldım.

Adi bir xoş davranış, nəvaziş görün nələrə qadirdir.

İnsanları ruhdan salan “sən qabiliyyətsizsən”, “sən bunu edə bilməzsən” – kimi sözlər demək doğru deyil. Uşaqlar da, böyüklər də dəsətəyə hər zaman ehtiyac duyurlar.

Bəzən uşaqlıqdan bizə təlqin oluna fikirlərin bağından azad ola bilmirik. Amma hər bir halda, kəndirləri qırmağı bacarmaq lazımdır.

 

Sevinc Qarakişiyeva

Bir cavab yazın

Back to top button