“Bizimlə OL” layihəsinin mentorluq proqramı yekunlaşıb

Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik və məhdudiyyətli gənclər arasında sosial inklüzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bizimlə OL” layihəsinin mentorluq proqramı yekunlaşmışdır.

İyul və Avqust aylarını əhatə edən mentorluq proqramının əsas məqsədi “Bizimlə OL” layihəsinin təlimlərində iştirak edən 50 tipik və 20 məhdudiyyətli gəncin bilik və bacarıqlarının artırılması, onların daxili potensiallarının gücləndirilməsidir. Nəzərdə tutulmuş 40 saatlıq mentorluq proqramı iştirakçıların öyrənmək istədikləri mövzular əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Mentorluq proqramında gənclərə mütəxəssislər tərəfindən gənclərin iştirakçılığı, psixologiya, sosial teatr, gender, kouçinq, karyera planlaşdırılması, CV yazılması, müsahibəyə hazırlıq, motivasiya, sosial sahibkarlıq, sosial inkluzivlik, emosional intellekt, natiqlik və s. kimi mövzularda 2 saatlıq informativ və interaktiv onlayn təlimlər keçirilmişdir. Təlimlər zamanı iştirakçılar mövzular barədə yeni məlumatlar əldə etmiş, aktiv iştirak edərək təlimçilər ilə birgə fikir mübadiləsi aparmış və onları maraqlandıran suallara ətraflı cavab əldə etmişlər. Təlimlərdən başqa gənclərlə birlikdə sosial inkluzivlik, inkluziv cəmiyyət, məhdudiyyətli şəxslərin hüquqları mövzusunda qısametrajlı filmlərə baxılmış və müzakirəsi həyata keçirilmişdir.

Mentorluq proqramının yekunu olaraq onlayn bağlanış mərasimi təşkil edilmişdir. Bağlanış mərasimində gənclərlə mentorluq proqramının yekun müzakirəsi həyata keçirilmiş, sertifikatlar təqdim edilmişdir. Eyni zamanda məqsədi gənclərin öz regionlarında sosial inklüziv mühitin inkişafına töhfə verməsi olan təşəbbüs qrupunun yaradılması müzakir edilmiş və bu qrupun gələcək fəaliyyət istiqamətləri barədə iştirakçılar öz fikirlərini səsləndirmişlər.

Bir cavab yazın

Back to top button