12 Mart 17:43

“Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Şuşaya həsr olunub

Mədəniyyət və Turizm Nazirliyinin ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Layihə çərçivəsində bölgələrin tarixi-mədəni irsini, adət-ənənələrini, xalq sənətkarlığını, mətbəxini, sosial-iqtisadi və turizm imkanlarını əks etdirən sərgilər nümayiş etdirilir, konsertlər keçirilir.

Layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə martın 14-də saat 18.30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mərkəzin foyesində əzəli yurd yerimiz olan Şuşanın keçmişini,  mədəniyyət və incəsənət tarixini əks etdirən, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, xalça nümunələri, rəsmlər və Şuşa haqqında nəşrlərdən ibarət sərgi nümayiş olunacaq. Mərasimdə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Xatırladaq ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində 2015-ci il ərzində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron rayonunun Bakı şəhərində təqdimatı keçirilib.

Bəyən və paylaş