Böyük Zəfərin qazanılmasında Ali Baş Komandanın ölkəyə rəhbərliyi dönəmində formalaşan gənclərin misilsiz rolu
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda da gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edib. Məhz bunun nəticəsidir Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində gedən döyüşlərdə gənclərimiz böyük fədakarlıq nümunələri ortaya qoydular. Onların bu rəşadətinə, qorxmazlığına ölkə rəhbərliyi tərəfindən böyük önəm verilir.
Bu anda ümummilli lider Heydər Əliyevin yaddaşlardan çıxmayan, hər zaman dilimizdə əzbər olan “Gənclər bizim gələcəyimizdir” kəlamı yada düşür.
Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də məhz mərhum prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda gənclərə dövlət qayğısının gücləndirilməsi, gənclərin problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin gənclərlə bağlı perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür.
Bəli, ölkəmizdə gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə gərəkən bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbi olaraq, gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır. Biz bunun ən bariz nümunəsini 44 günlük Vətən savaşında gördük.
Həmin müharibədə gənclərin iştirakına ən dolğun qiyməti Prezident İlham Əliyev verib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bunları deyib: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq”.
Prezident deyib ki, siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını torpaq uğrunda fəda etdi: “Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər.
Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.
Tarixi zəfər, digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir
Göründüyü kimi, Prezident 44 günlük müharibədə əldə olunan zəfərdə gənclərin rolunu xüsusi vurğulayır.
Bakı Gənclər Mərkəzi olaraq istər müharibənin getdiyi dönəmdə, istərsə də postmüharibə zamanında bir sıra fəaliyyətləri ortaya qoyduq. Müharibə təkcə silahla ön cəbhədə getmirdi. Hər kəsöz postunda vətənimizin keşiyindəydi. Çünki düşmənin ən mənfuru ilə biz üz-üzəyik. Onlar özlərini yazıq cildinə salaraq dünya siyasətinin diqqətini öz üzərinə cəlb etməyə çalışırdı. Həmin dövrdə BGM də “İnformation battle” komandası yaradıldı. Bu komanda 9 dildə Azərbaycan həqiqətlərini sosial şəbəkələr üzərindən dünyaya yaymağa çalışırdı. Döyüşçülərimizin yanında olduğumuzu onlara hiss etdirmək üçün “Əsgərə məktub ” layihəsi keçirdik.
Gənclərimizin həmrəyliyini simvolizə edən döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanırdı.
Bundan əlavə orduya dəstək videolarının çəkilməsi üçün mərkəzin “Vətənpərvərlik” klubunun gəncləri üçün zabitlərin iştirakı ilə xüsusi hərbi təlimlər keçirildi, “Qarabağ Azərbaycandır”, “Bitməz-tükənmız Azərbaycan”, qısametrajlı filmləri çəkildi, “Bayraq mənliyimdir” aksiyası, hərbiçilərin iştirarakı ilə “Qələbə uzaqda deyil” konfransı həyata keçirildi.
Biz bu gün də dayanmamışıq. Müharibədə qəhrəmancasına canından keçmiş şəhidlərimiz haqqında “Şəhidlər ölməz “, “Tarix yazan qəhrəmanlar” silsilə layihəsini keçirdirik. Bu layihə çərçivəsində qəhrəmanlarımız haqqında məlumatları video şəklində , ingilis dilində alt yazı ilə müntəzəm paylaşırıq. Şəhidlərin ildönümündə könüllülərimizlə birgə onların məzarlarını ziyarət edir, ölməz qəhrəmanların xatirəsinə şahmat turnirləri xeyriyyə yarmarkaları keçirilir. Onları tanımaq , tanıtmaq bizim vətəndaşlıq borcumuzdur. Bu bizim üçün prioritet məsələdir. Əlavə olaraq davamlı şəkildə saytımızda şəhid vəqazilərimiz haqqında yazılı məlumatlar paylaşırıq. Həftə ərzində şəhid ailələrini ziyarət edir, ziyarət zamanı mərkəzin “Yaradıcılıq” klubunun hazırladıqları rəsm tabloları şəhidlərin ailələrinə təqdim olunur. Bundan sonra da bu yöndə fəaliyyətimizi davam etdirəcəyik.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənclərin daha geniş sferada fəaliyyətini tənzimləyib. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, davamı olaraq qəbul edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı həyatın bütün sahələrində gənclərin fəallığına, təşəbbüskarlığına, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılmasına, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə hesablanıb. Bununla belə, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Bütün bunlar bizi həvəsləndirir və daha da aktiv fəaliyyət göstərməyə sövq edir.
Nərgiz BABAYEVA,
Bakı Gənclər Mərkəzinin direktoru
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur