BP-nin vitse prezidenti Bakı Ali Neft Məktəbində master-klass keçdi

Bakı Ali Neft Məktəbində (BANM) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylı master-klass keçib. Çoxdan planlaşdırılan görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

“Menecment, liderlik və motivasiya” adlı master-klassda vitse-prezident ilk öncə tələbələrə təhsilin əhəmiyyətindən  danışıb və BANM-də təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. Cənab Aslanbəyli təhsili bitirdikdən sonra gələcək yolun planlaşdırılmasından, peşəkar və şəxsi inkişafdan, karyeraya gedən yolun qiymətləndirilməsindən danışıb və tələbələrə horizontal və vertikal inkişafın xüsusiyyətlərini izah edib.

Görüş zamanı tələbələr liderlik xüsusiyyətləri, BP kimi transmilli şirkətlərin işə qəbul zamanı namizədlərdə görmək istədikləri peşəkar və şəxsi keyfiyyətləri, təhsil və karyeranın vaxtında və düzgün planlaşdırılması kimi mövzularda geniş informasiya əldə ediblər.        Tədbirin sonunda rektor Elmar Qasımov BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə öz təşəkkürünü bildirib və BP-ni BANM-in ən yaxın partnyoru olduğunu vurğulayıb. Tələbələr isə peşəkar və şəxsi inkişaflarına dair onları maraqlandıran sualları cənab Aslanbəyliyə ünvanlayıblar.       Qeyd edək ki, BP-nin AGT üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli eyni zamanda Bakı Ali Neft Məktəbinin baş müəllimidir və Ali Məktəbin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrinə dərs deyir.

Rəylər

rəy(lər)