6 Aprel 21:41

Bu yay “AIESEC” ilə xaricdə.

“AIESEC” dünyanın ən böyük tələbə-gənclər təşkilatı olub gənclərin liderlik potensialını ortaya çıxarmaq üçün qlobal bir platformadır. “AIESEC” təşkilatı ali təhsil müəssisələrinin tələbələri və məzunları tərəfindən idarə olunan qeyri-siyasi, müstəqil, qeyri-kommersiya qurumu kimi fəaliyyət göstərməklə hər hansı etnik, cinsi, dini və ya milli mənsubiyyət və sosial durumla əsaslarla ayrı-seçkilik etmir.

“AIESEC” təşkilatı öz bacarıqlarını və o cümlədən ətraflarında olan mühiti, cəmiyyəti daha da yaxşı bir hala çevirməyə çalışan 18-29 yaş arası gənclərin beynəlxalq şəbəkəsini qurmuşdur. Təşkilat qurulduqdan etibarən 1 milyondan çox gənc onun təcrübə proqramlarına qoşulmuş və bu yolla onlar müxtəlif bacarıqlarını kəşf etmiş və təkmiləşdirmişdirlər. Təşkilatımızın insanlara göstərdiyi müsbət təsiri əvvəllər “AIESEC”in təcrübə proqramı iştirakçısı , Nobel Sülh Mükafatı laureatı, finlandiyalı Martti Ahtisaari başda olmaqla, hal-hazırda biznes, QHT-lərdə, o cümlədən müxtəlif siyasi arenalarında fəaliyyət göstərən dünya liderlərinin timsalında aydın şəkildə görə bilərik.

Artıq 10 ildən çoxdur ki, təşkilat Azərbaycan gənclərinin inkişaf yolunda əhəmiyyətli və aktiv şəkildə rol oynayır. “AIESEC in Azərbaycan” təşkilatının 250-ə yaxın üzvü var. Qeyd edək ki, “AIESEC” təşkilatının başlıca məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını ortaya çıxarmaq və daha da genişləndirməkdir. Bundan əlavə tələbələr təşkilatın müxtəlif daxili departamentlərində çalışıb öz satış, marketinq, layihə idarəetmə, maliyyə, insan resursları və daha bir çox sahədə olan bacarıqlarını təkmiləşdirə və eləcə də həyatlarında yeni vərdişlər qazana bilərlər. “AIESEC in Azərbaycan” təşkilatı gənclərin qarşısına özünün 3 növdə olan proqramı ilə çıxır. Bunlar “Global Volunteer”, “Global Talent” və “Global Entrepreneur ”dir.

“Global Volunteer” təcrübə proqramı “AIESEC in Azərbaycan” təşkilatının təqdim etdiyi ən önəmli və diqqətəlayiq fürsətlərdən biridir. Proqram könüllülük bazası əsasında keçirilməklə 6-12 həftəlik bir müddəti əhatə edir . Proqram çərçivəsində tələbələrə beynəlxalq komandada sosial layihələrdə çalışmaq təklif olunur. Layihələr təhsillə (məktəb şagirdlərinə müxtəlif dillərin tədrisi, müxtəlif fənlərlə bağlı olan layihələr və s.), turizmlə, mədəniyyətlə, marketinqlə (rəqəmsal, brend marketinqi və s.), sahibkarlıqla, insan resursları və s. ilə bağlı olur. Tələbələrdən yalnız sadəcə ingilis dili biliyi və 18-29 yaş aralığında olmaqları tələb olunur. Eyni zamanda bu cür layihənin həyata keçirilməsi ikiqat təsir göstərir, belə ki, bu fürsət, Azərbaycanlı gənclərinin müxtəlif sahələr üzrə daha bilikli, təcrübəli və beynəlxalq şəbəkəsi olan kadrlar kimi formalaşmasında mühüm rol oynayacaqdır. “Global Volunteer” gənclərimizə xaricdə Azərbaycanın təmsilçiləri olmaqla yanaşı öz nəzəri biliklərini praktikada tətbiq etmək fürsətini qazandıracaq. Biz də bu layihələrin Azərbaycan gənclərinə nə qədər bilik və təcrübə verəcəyini nəzərə alaraq daha böyük miqyasda reallaşdırırıq.

“Global Volunteer” xaricdə təcrübə proqramı çərçivəsində 2016-ci ildə 120 tələbə və məzun, 2017-ci ildə isə 150-ə yaxın gənc “AIESEC in Azərbaycan” təşkilatı tərəfindən xarici ölkələrdə təcrübə proqramlarına göndərilmişdir. Ümumilikdə, son 5 il ərzində 700-dən çox Azərbaycan gənci xaricdə təcrübə proqramında iştirak etmə fürsətindən yararlanıb. 2016-cı il ərzində “AIESEC in Azərbaycan” 100-dən çox xarici könüllüləri qəbul etmişdir. Bu könüllülər mübadilə proqramı çərçivəsində Azərbaycanda müxtəlif sosial layihələrdə yer tutmuşdurlar. Əminliklə qeyd edə bilərik ki yüzlərlə gənci artıq bir neçə ildir ki, xaricə mübadilə proqramlarına yollamaqla “AIESEC in Azərbaycan” artıq bu sahədə tam təcrübə qazanmış gənclər təşkilatıdır.

Qeyd etməliyik ki, “AIESEC in Azerbaijan” təşkilatı olaraq, biz yalnız Azərbaycan vətəndaşları üçün deyil, həmçinin dünyanın hər yerindən olan gənclərə öz potensiallarını araşdırıb, daha üstün şəkildə inkişaf etdirmələri üçün çoxlu sayda fürsətlər yaradırıq. Buna nümunə olaraq onu deyə bilərik ki, 2017-ci il ərzində “AIESEC in Azerbaijan” 100-dən çox xarici könüllünü qəbul etmiş və bu könüllülər mübadilə proqramı çərçivəsində Azərbaycanda müxtəlif sosial layihələrdə iştirak etmişdirlər. “AIESEC in Azerbaijan” təşkilatı bütöv “AIESEC” ailəsinin bir üzvüdür və buna görə də, öz gənclərimizin qayğısına qalıb onlara hər zaman dəstək olmaqla yanaşı başqa ölkələrdən olan gənclərin də mədəniyyətlərarası maneələri aradan qaldıraraq vahid dünya vətəndaşı kimi yetişməsi üçün lazım olan şəraiti yaratmağı özmüzə borc bilir, bu məqsədlə il ərzində 50-dən çox layihə hazırlayırıq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)